İdman

Bir dəfə Gürcüstanda

18 iyul, saat 6:30. Artıq “Gənclik” metrosunun qarşısındayam. Yavaş-yavaş həmkarlarımız da buraya gəlir. Onlar  Çempionlar Liqasının II təsnifat mərhələsində “Samtredia” ilə qarşılaşacaq “Qarabağ”ın jurnalistlər üçün səfər təşkil etməsindən faydalanaraq, oyunu işıqlandırmaq üçün çalışırdılar. Vaxt keçdikcə hər kəs toplandı və saat 7:00-da 37 jurnalistlə birlikdə Bakıdan Gürcüstana doğru avtobusla yola çıxdıq. 21 illik həyatımda ilk dəfə ölkə sərhədlərindən kənara çıxacaqdım. Bu səbəbdən sərhəddə çatacağımız anı səbirsizliklə gözləyirdim. Ümumiyyətlə, ölkədaxili səfərlərdən fərqli olaraq, budəfəki səfər çox yorucu oldu. Həm yolun uzaq olması, həm havanın istiliyi insanı hövsələdən çıxarırdı.

Saat 5-də sərhəddi keçə bildik. Sərhədi keçən zaman vaxt ikisi olmasın deyə, “Qarabağ” klubu ehtiyatını əvvəldən görmüşdü. Belə ki, jurnalistləri Bakıdan sərhədədək gətirən avtobus bizi elə sərhəddə gözləyəcəkdi. İkinci avtobus isə Gürcüstan tərəfində bizi qarşılayacağdı. Belədə daha çox vaxtımız oldu. Ümumiyyətlə, “Qarabağ” klubunun jurnalistlərlə göndərdiyi nümayəndəsi Yusif Hüseynov və PFL-in saytının baş redaktoru Elgiz Abbasov jurnalistlərin rahatlığı üçün əllərindən gələnin ən yaxşısını edirdi. Bu səbəbdən onlara böyük təşəkkür düşür.

Nəhayət, saat 6-da avtobus bizi oyunun keçiriləcəyi Boris Payçadze adına “Dinamo Arena”nın qarşısına gətirdi. Bir məqamı da qeyd edim ki, “Samtredia” klubu yoldakı təhlükəsizliyimizi təmin etmək üçün sərhəddən arenaya qədər polis müşaiyəti təşkil etmişdi. Kompyüter və digər lazımlı əşyalarımızı stadionda yerləşdirdikdən sonra çox az vaxtımız qalmışdı. Lakin buna baxmayaraq, qruplara bölünərək şəhəri gəzməyə çıxdıq. Vaxt qıtlığı səbəbindən qonşu ölkənin gözəlliklərinin yalnız kiçik bir qismini görmək nəsib oldu. Oyunun başlamasına az vaxt qaldığından gəzintimizi yekunlaşdıraraq stadiona döndük. Lakin deyilən vaxtda stadionun qarşısında olmadığımız üçün akkreditasiyalarımızı ala bilməmişdik. Elə bu vaxtda da stadion ətrafında ara qarışdı. Arenanın qarşısında olan bir neçə azərbaycanlı azarkeşin əlindən gürcülər ölkə bayrağımızı almışdılar. Hadisə yerinə çatanda polis təqribən 10-a yaxın gürcü azarkeşin arxasınca qaçırdı. Lakin onları yaxalaya bilmədilər. Hadisə zamanı azərbaycanlı azarkeş də əlindən yaralanmışdı. Lakin xəsarət o qədər də ciddi deyildi.

Beləliklə, saat 21:00-da matç başladı. İlk oyundakı 5:0-lıq qələbədən sonra “Qarabağ” bu matçda özünü çox da yormaq istəmirdi. Təsadüfi deyil ki, “Samtredia”nın baş məşqçisi də oyundan sonra keçirilən mətbuat konfransında hər iki komandanın meydanda yaxşı məşq etdiyini vurğuladı. Matçın taleyini 21-ci dəqiqədə vurulan yeganə qol həll etdi. Bu da komandanın yeni transferi Vild-Donald Qeryenin aktivinə yazıldı. O, cərimə zərbəsindən topu birbaşa qapıya ünvanlayaraq matçın taleyini həll edən yeganə qolun müəllifi oldu.

İlkin İsmayılzadə, Bakı-Tiflis-Bakı


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43