İdman

Bir dəfə İmişlidə

Peşəkar Futbol Liqası və “Topaz”ın birgə layihəsi olan jurnalistlərin bölgələrə səfəri çərçivəsində bu dəfə yolumuz İmişli rayonuna idi. Buna səbəb PFL-in keçirdiyi “ayın ən yaxşı qolu” müsabiqəsində fevral ayının ən yaxşı qolunun müəllifi “Mil-Muğan”ın futbolçusu Kamil Nurəhmədovun mükafatlandırılması və “Mil-Muğan” – “Zaqatala” matçının işıqlandırılması idi.

Beləliklə, saat 9:30-da Bakıdan İmişliyə yola düşdük. Sözün açığı, bu, mənim nəinki İmişli, hətta Aran bölgəsinə ilk səfərim idi. Bu səbəbdən həmin bölgənin necə görünüşə malik olduğunu görməyi səbirsizliklə gözləyirdim. Bakıdan 210 kilometr məsafədə yerləşən İmişli rayonuna təqribən 3 saata çatdıq. Həmişə olduğu kimi, bu dəfə də vaxtın necə tez keçdiyini hiss etmədik. Buna səbəb isə həmkarlarımızın maraqlı söhbətləri idi.

Matçın başlamasına 1 saat qalmış Heydər Əliyev adına İmişli şəhər stadionunun qarşısındaydıq. 2006-cı ildə “MKT-Araz” üçün inşa edilmiş bu stadion Premyer Liqa klublarının stadionlarından heç də geri qalmır. Hətta deyərdim ki, təbii ot örtüyünə malik arena PL-da iştirak edən bəzi klubların stadionlarını da geridə qoyur. 8500 azarkeş tutumuna malik olan arenanın məşq üçün əlavə süni örtüklü meydançası, futbolçuların qalması üçün hər bir şəraitə malik bazası var. Əyalət təmsilçisinin belə gözəl infrasturuktura malik olmasını görmək xoş hisslər yaradır.  Kaş ki, belə bir stadionu olan komanda yenidən PL-də çıxış etsin və azarkeşlərini sevindirsin…

Stadiondan içəri girdiyimizdə meydanda xalq artisti Niyaməddin Musayevin “İncimə” mahnısı səslənirdi. Mahnının sözlərinə diqqət etdikdə, sanki bu mahnın 2008-ci ildə dağılan “MKT-Araz” üçün yazıldığı ağlıma gəldi.

“İllər keçdi önümdən, günlər keçdi o gündən.

Qəribəm sən gedəndən, qayıt sənə sözüm var”

Onu da qeyd edim ki, “MKT-Araz” 2008-ci ildə dağılıb. 2013-cü ildə “Mil-Muğan” adı verilən komanda “MKT-Araz”ın davamçısı hesab edilir.

Bilmək olmaz, bəlkə də bu mahnı sırf bu anlam üçün stadionda səsləndirilirdi. Amma Niyaməddin Musayevin də İmişli rayonunda doğulduğunu nəzərə alsaq, mahnını sırf rayonun musiqiçisi olduğu üçün səsləndirildiyini də düşünmək olar.

Saat 15:00-da matçın start fiti səsləndirildi. Bundan öncə isə PFL fevral ayının ən yaxşı qolunun müəllifi Kamil Nurəhmədovu mükafatlandırdı. Oyuna gəlincə, matç çox yüksək səviyyədə keçdi. Güclü azarkeş dəstəyi qarşısında keçirilən oyun qarşılıqlı hücumlar şəraitində baş tutdu. Matçı izləmək üçün arenaya təqribən 700-750 azarkeş toplaşmışdı. Azarkeşlərin demək olar ki, hamısı “Mil-Muğan”ı dəstəkləyirdi. “Zaqatala”dan İmişliyə yalnız bir azarkeş gəlmişdi. O da “Zaqatala”nın sadiq azarkeşi olan İnqilab Soltanov idi. Stadionun ot örtüyü yaxşı vəziyyətdə olmasa da, futbolçular topla rahat hərəkət edə bilirdilər. Hər iki komanda ara-sıra rəqib qapısı qarşısında ciddi təhlükələr yarada bilirdi. Matçda qeydə alınan yeganə qol isə 77-ci dəqiqədə vuruldu. “Zaqatala”nın futbolçusu Oruc Balaşlı komandasına 3 xal qazandıran qolun müəllifi oldu. Beləliklə matç 0:1 hesabı ilə qonaqların xeyrinə başa çatdı.
İlkin İsmayılzadə 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43