Ölkə futbolu

Bordin, sistem, Mirabdulla…

Mövsümün əvvəlindən eyni problem davam edir. Nə vaxt ki, komanda hesabda geriyə düşür və ya qol gecikir komanda başlayır təlaşa düşməyə. Təlaşa düşmək heç də nəsə etmək deyil. Tez-tələsik oynamaq qələbə əzmindən, oyun hirsindən xəbər vermir. Bir müddət sonra meydanda başını itirmiş sağa-sola qaçan oyunçu topluluğu görünür.

Əgər eyni problem həll olmadan davamlı şəkildə davam edirsə, o zaman hədəf baş məşqçi olur. Böyük komandalar pis oynadıqları matçları belə qazana bilməlidirlər. Ancaq “Neftçi” nəinki bunu bacarmır, heç qalib gəldiyi oyunlarda belə yaxşı təsir bağışlamır. Bütün oyun boyu sadəcə cinahlardan qapı qarşısına edilən asmalar hücum qurmaqdan daha çox topu Allah ümidinə oralara göndərməyə bənzəyir. Nə edəcəyini bilmədən, ard-arda 3-4 ötürməni edə biməyən bir komandada oyunçu səviyyəsindən daha çox, hazırlıqsızlıqdan danışılmalıdır. Bir oyunçunun formsuz və ya çox formda olmağı  komandaya aşağı-yuxarı bir-iki oyun təsir edər. Əgər son iki matçda “Neftçi”dən önə çıxarmağa sadəcə son oyundakı performansı ilə Platellasın adını çəkə biliriksə, deməli komadada oyunçu yox, baş məşqçi problemi, formsuzluğu var. Bordini dəyişikliklərinə görə yox, komandanın hələ də başadüşülən bir oyun sisteminin olmadığına görə tənqid etmək lazımdır. Yoxsa ki, Mirabdullanın oynayıb-oynamamağının məsələyə heç bir aidiyyatı yoxdur.

Söz Mirabdulladan düşmüşkən, əgər bir oyunçu çempionluğa oynayan komandanın əsas forvardıdırsa və sonuncu dəfə nə vaxt qol vurduğunu xatırlamırsa, bu onun öz problemidir. Onsuz da komandaların heyətində ona görə 18-20 oyunçu olur ki, biri yaxşı olmayanda o birindən istifadə edəsən. Bordin oturub Abbasovun özünə gəlməsini gözləyən deyil. Elə Abbasov özü də bu vəziyyətdə ehtiyatda qalmasından narazı olmamalıdır. Necə ki, Karikari ehtiyatda qalmasını Mirabdullanın yüksək performansına bağlamışdı, indi də ehtiyatda qalma növbəsi Abbasovdadır. Heç bir haqqsızlıqdan da söhbət gedə bilməz. Tam əksinə, Mirabdulla ölkə futbolunda yerli oyunçular içində ən çox güzəştə gedilən nadir futbolçulardan olub. Motivasiya üçün “İlin futbolçusu” seçilərək. “Layiq deyildi” deməsəm də, layiq olduğunu sübut etməlidir deyirəm. Yoxsa, haydan gəlib, huya gedənlərin karvanına qoşulacaq…

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43