Müsahibə

Böyükağa Hacıyev tör-töküntü deyib, sərt ismarıc yolladı: “Biz tərəflərdə qarpız oktyabr aylarında bitir” – MÜSAHİBƏ

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin idmanxeber.com saytına müsahibəsi.

– “Neftçi” Sloveniyada çətini bacararaq, tur adladı. “Koper”i səfərdə bu hesabla yenəcəyinizi gözləyirdinizmi?

Mən başa düşmürəm, siz bizə niyə inanmırsız? Adama təsir edən odur ki, bir belə çətinliyi dəf edirik, ancaq yenə bizə inanmırsız. Hər kəs bilir ki, “Neftçi” belə çətinliklərin öhdəsindən çox gəlib. Mən Bakıda demişdim ki, gedəcəm və keçəcəm. Və keçdik də… “Neftçi”nin necə futbol oynadığını da gördünüz. Mən orada jurnalistlərimizin nə yazdıqları ilə maraqlandım. Bir nəfər yazmır ki,  “Neftçi” əvvəlkindən fərqli olaraq başqa taktika ilə oynadı. Əvvəl Flavinyo cinahlarda oynayırdı, ancaq bu dəfə pleymeker funksiyasını yerinə yetirirdi. Cəmi 3 müdafiəçi ilə oynadıq. Heç bir məşqçimiz belə oynamazdı, ancaq mən etdim. “Neftçi” özünün layiqli qələbəsini qazandı. “Neftçi” sübut etdi ki, “Koper” “Neftçi”yə laqyi rəqib deyil. Bakıdakı məğlubiyyət də təsadüf idi. Bu təsadüf də bir dəfə olar…

– “Koper”in baş məşqçisi azlıqda qaldıqdan sonra ikinci topu buraxdıqlarını bildirib. Sizcə, italiyalı çalışdırıcının bu açıqlaması ilə “Neftçi”nin qələbəsini “kölgə”yə salmış kimi çıxmır?

Birinci hissədə 5 dəfə yüz faizlik imkanlardan istifadə edə bilmədik. Düşünürəm ki, layiqli qələbə qazandıq. 

– “Növbəri turdakı rəqibiniz “Çixura”dı. Bu komandayla bağlı nə deyərdiniz?

Heç nə deməyəcəm. Oyundan öncə danışaram.

– Bakıdakı mətbuat konfransında Sloveniyada hansı hesabın olacağından asılı olmayaraq istefa verəcəyinizi demişdiniz. Sözünüzə əməl edəcəksiniz, yoxsa istefa vermək niyyətində deyilsiz?

Mən fikir verirəm ki, çoxları mənim istefamı gözləyir. Mən gedəcəm hansısa tör-töküntü gələcək xaricdən yerimə. Niyə getməliyəm ki? Mən Bakıdakı mətbuat konfransında əsəbi olmuşam və ona görə də istefa verəcəyimi demişdim. 

– Məğlubiyyət olsaydı necə, gedəcəkdiniz?

Hökmən gedərdim.

– Buradakı mətbuat konfransında bədbiniydiniz. Sabki məğlubiyyətlə barışmışdız. Bu nə ilə əlaqədar idi?

Bugünləri mən jurnalistlər üçün hazır “yeməm”.  Hansı məşqçi mənim kimi kəskin fikirlər söyləyir? Heç kim! Hamı özünə xal yığır. Bundan sonra mən mətbuat konfranslarına gəlməyəcəm. Köməkçilərimi göndərəcəm. Bəzi insanları boykot edəcəm. 

– Bu da aqressiya ilə deyilən sözdü, yoxsa…?

Yox, gəlməyəcəm. Köməkçilərimi göndərəcəm. 

– “Neftçi” “Koper”i “çilədi”, yoxsa udub mərhələ adladı?

Mənim anadan olduğum yerdə belə sözlər qəbul olunmur. Mən belə sözü təkrar da etmərəm. Biz də bu söz pis, siz də isə başqa mənada işlənir. Bir jurnalist ki, Azərbaycan dilini bilmirsə onun jurnalist işləməyə haqqı yoxdu. Peşəkar olmaq lazımdı. Nə oldu, iki il bundan öncə alqışlarla qarşılanan Böyükağa Hacıyev bir oyun uduzanda pis olur? Biz tərəflərdə qarpız oktyabr aylarında bitir. Gözləyin görün axırı nə olacaq, ardınca nə gələcək? Tələsmək lazım deyil. Biz oyunumuzla sübut etdik ki, kim “Neftçi”yə barmaqarası baxırsa səhv edir.

– Sadıq Sadıqov açıqlama vermişdi ki, əgər mərhələ adlaya bilməsək Böyükağa Hacıyev elə Sloveniyada istefa verəcək.

Bilirsiz necədi? Bizim məşqçilər elə bilir ki, məşqçilik işi onlara atalarından qalıb, onlardan da oğullarına… Məşqçinin çemodanı hər zaman hazır olmalıdı. Bizim işimiz belədi. Məşqçinin istefa verməsi acizlik yox, kişilik əlamətidi. Zamanında getməlidi. 

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43