Ölkə futbolu

“Bu, hələ başlanğıcdı” – Sənan Qurbanovun

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Qarabağ” matçından (1:0) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanovun mətbuat konfransı keçirilib.

39 yaşlı mütəxəssis qələbəni belə şərh edib:

“Zirə” ilə çempionatın ağır ev oyunundan sonra futbolçular bərpa dövrü keçdilər. Kubokda “Qarabağ” kimi güclü rəqibə qarşı oynayacağımızı bilirdik. Komanda həm hücumda, həm müdafiədə tapşırıqları yerinə yetirdi. “Qarabağ”la görüşdə taktiki səhv edirsənsə, rəqib yerində cəzalandırır. Son oyunları təhlil etmişdik. Çempionatda keçirdiyimiz görüşlərdə məğlub olmuşduq. Buna balaca konsentrasiya itkisi səbəb olmuşdu. Futbolçular məsuliyyəti dərk etdilər.

Bu, sadəcə olaraq ilk oyun idi. İkinci görüşdə daha güclü “Qarabağ”a qarşı oynamalı olacağıq. Ona görə də mərhələ adlamaq üçün bugünkündən daha yüksək səviyyədə oynamalıyıq.

Çempionatın bütün matçlarında “Qarabağ”a uduzmağımız futbolçulara pis təsir etmişdi. Amma istər-istəməz oyunçularda uduzmamaq iradəsi yaranır. Həmin görüşləri təhlil etdik və çalışdıq ki, eyni səhvləri təkrarlamayaq. Futbolçular taktiki olaraq düzgün oynadılar. Bu, hələ başlanğıcdır. Bilirik ki, ikinci qarşılaşmada daha çətin olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43