Müsahibə

“Bunu yalnız AFFA bilir” – Sezar Meza Kolli

Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kolli Azərbaycan Premyer Liqasının XVIII turunda “Zirə” ilə keçirilən oyundan sonra brifinq keçirib.
İdmanxeber.az-ın məlumatına görə, paraqvaylı futbolçu 4:0 hesabı ilə qalib gəldikləri matçı dəyərləndirib.
– Yəqin nəticədən məmnun qaldınız…
– Çətin oyun idi. Bu matça hazırlaşmaq üçün bir həftə ərzində yaxşı məşq etdik. Bacardığımızı ortaya qoyduq.
– “Zirə” ötən turda “Qarabağ”a 0:6 hesabı ilə məğlub olmuşdu. Rəqibin psixoloji cəhətdən toparlanmaması hiss olunurdu?
– Onların hansı formada olması bizim üçün maraqlı deyildi. Çünki özümüzün hansı formada olmağımız daha önəmli idi.
– Azərbaycan vətəndaşlığı almaq təklifi sizdən, yoxsa AFFA-dan gəldi?
– Hələ heç nə baş verməyib, baxacağıq. Hazırda yalnız “Keşlə”də məşq edirəm. Daha sonra nə olacaq, bilmirəm.
– Vətəndaşlığı hələ almamısınız?
– Xeyr. Azərbaycanda çox xoşbəxtəm. Məsələnin necə bitəcəyini hələ bilmirəm.
– Bəs nə vaxt dəqiqləşəcək?
– Bu barədə yalnız AFFA bilir. Mən xəbərsizəm.
– Azərbaycan millisində oynamaq istəyiniz var?
– Mənim üçün şərəf olardı. Çünki uzun müddətdir ki, burdayam, Azərbaycanda özümü yaxşı hiss edirəm, xoşbəxtəm.
– Azərbaycan millisi elə də güclü komanda deyil. Yığmaya hansı köməyiniz dəyə bilərmi?
– Mən əlimdən gələnin ən yaxşısını edirəm. Millinin yeni baş məşqçisi təyin olunduqdan sonra bu məsələləri o daha yaxşı biləcək. Millidə oynayıb-oynamayacağımla bağlı kimin qərar verəcəyini deyə bilmərəm. Yeni baş məşqçi məni yığmada görmək istəsə, məmnuniyyətlə qəbul edəcəyəm.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43