Müsahibə

Çingiz Abdullayev: “Nəyisə düz etməmişəm”

“Neftçi”nin baş
məşqçisi Çingiz Abdullayev “Qəbələ”ylə qarşılaşmadan sonra “İdmanxeber.com”-a
müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

– Öncə oyunla bağlı fikrinizi öyrənək…

– Birinci
hissədə yaxşı oynadıq. İkinci
hissədə hər şey dəyişdi və uduzduq. Təbii ki, bu cür vəziyyət bizi qane edə
bilməz. Bu il müəyyən uğurlarımız olub. Ev oyunlarını keçirdiyimiz stadion
artıq klubun balansına keçirilib. Bakıxanov qəsəbəsində ən böyük bazanı
tikirik. Bu işləri davam etdirəcəyik. Amma komandanın oyunu və nəticələri bizi
qane etmir. Bu vəziyyəti dəyişmək lazımdı.

 

– Baş məşqçiniz Əsgər Abdullayev istefa verdi…

– O,
istefa verib, amma ərizəsini mənə təqdim etməyəcəyik. Bu məsələyə Müşahidə
Şurası ilə birlikdə baxacağıq. Qərar vermişdik ki, yanvardan əcnəbi məşqçi ilə
anlaşacağıq. Sonradan vəziyyət dəyişdi. Manatla bağlı durum, eləcə də Emil
Mpenza ilə bağlı cərimənin verilməsinə görə fikrimizi dəyişmək məcburiyətində
qaldıq. Əsgər Abdullayevdən işini davam etdirməsini xahiş etdik. Çox sağ olsun
ki, təklifimizi geri çevirmədi və bizə kömək etdi. Təbii ki, bu durumdan
çıxmalıyıq. Daha yaxşı mütəxəssislə anlaşmalıyıq. Çalışacağıq, axtardığımız
məşqçini tapaq.

 

– Yeni məşqçi əcnəbi olacaq?

– Buna
baxacağıq. Əsas odur ki, peşəkar olsun. “Qarabağ” da azərbaycanlı məşqçi
çalışır (red. – Qurban Qurbanovu nəzərdə tutur) çalışır. Amma yaxşı
məşqçidi.Azərbaycanlı məşqçilər arasında da yaxşıları olur. Əsgər müəllim çətin
vaxtda komandaya kömək etdi. Onun rəhbərliyi ilə səfərdə “Qəbələ”ni uddu, 8
illik fasilədən sonra Lənkəranda yerli komandanı, hər komandanın uda bilmədiyi
“Qarabağ”ı uddu. Yanvardan sonra işlər yaxşı getmədi. Bunu düzəltməyin
yollarını axtarırıq.

 

– Bütün problemlərin həlli baş məşqçidən asılıdı? Yaxşı məşqçi
olsa, hər şey düzələcək?

– Belə demək
olmaz. Hər şeyi baş məşqçinin üstünə yıxmaq olmaz. Bunu analiz etməliyik. Bəlkə
kimsə “Neftçi”də oynamağa layiq deyil? Və ya ola bilər ki, hansısa oyunçunun
gücü çatmır. Biz oyundan sonra Əsgər müəllimlə görüşməmişik. Müşahidə Şurası
qərar verəcək. Axtardığımız mütəxəssisi belə tezliklə tapa bilməyəcəyik. Elə
məşqçi olmalıdır ki, o, bizim həyata keçirmək istədiyimiz proqramı reallaşdıra
bilsin. Məqədimiz “Neftçi”ni Çempionlar Liqasında oynaya biləcək səviyyəyə qaldırmaqdı.
Gec-tez bunu edəcəyik.

 

– “Xəzər Lənkəran”la cavab oyununa komandanı kim çıxaracaq?

– Yenə
deyirəm, bizim baş məşqçimiz Əsgər Abdullayevdi. İstefası qəbul edilsə, komandada
idman direktoru və başqa məşqçilərimiz var. Onların xidmətindən yararlana
bilərik.

 

– Son dörd oyunda məğlub olan “Neftçi” rəhbərliyini danışdırmaq
mümkün olmurdu. Uduzanda mediadan niyə qaçırsınız?

– Hər dəfə
mən danışıram. Pen-klubun direktoruyam. Pen-klub söz azadlığına xidmət edir. Yəni,
jurnalistlərlə danışmağa hər zaman açıq insanam. Udanda olduğu kimi, uduzanda
da danışmaq lazımdı. Amma hər yerdə klub rəhbərliyi danışmır axı. Baş məşqçi də
danışmalıdı. Bizdə bəyəm hər oyundan sonra klub prezidentləri müsahibə verir?
Elə klublar var heç prezidentlərini görməmisiniz. Bir az insafla danışmaq
lazımdı. Mən həmişə qarşınızda olmuşam, olacam da.

 

– “Neftçi”nin bu uğursuzluğunda əsas günhakar kimdi?

– İlk növbədə
mən.

 

– Niyə?

– Görünür, nəyisə düz etməmişəm, nəyisə tələb edə bilməmişəm. “Neftçi” Azərbaycanın
brendidi, 7-ci pillədə olmamalıdı. Brend hər zaman yerini qorumalıdı. Bütün
klublara hörmətim var, amma heç birində bu qədər azarkeş, ölkəni tanıtdıran
futbolçu yoxdu. Heç bir klubu “Neftçi” ilə müqayisə etmək olmaz. Bizi heç 4-cü
yer də qane etmir. Necə ki, Qız qalası, “5 mərtəbə” Bakının brendidisə, “Neftçi”də
elədi.

 

– Yazıçı kimi illər boyunca min əziyyətlə topladığınız imicinizi
bu cür uğursuzluq fonunda xərcləmirsiz?

– İmicim
hansısa restorana, şadlıq evinə görə deyil. Yazdığım kitabların hesabına
formalaşıb. Futboldakı işimə görə məni bəyənmiyənlər, heç bəyənməsinlər. Bura
futbolu inkişaf etdirmək üçün gəlmişəm. İnanmsaydım, gəlməzdim. Hər şey şəffaflıq,
düzgünlük, uğur qazanmaq üçün edirəm. Qafqazda audit firması ilə anlaşan ilk
klubuq. Biz hamıya nümunə olmaq istəyirik.

 

– MŞ-nın sədri seçilən zaman AFFA prezidenti Rövnəq Abdullayevə
“8-ci km qəsəbə stadionu”nun tutumunun az olduğunu, Olimpiya stadionunun kluba
verilməsini xahiş etmişdiniz. O isə əvvəlcə buranı doldurmağı məsləhət gördü.
Hiss etmirsiz ki, turdan tura azarkeşlərin sayı azalır?

– Olimpiya
stadionu SOCAR-a verilib. Onlar da özümüzkülərdi (gülür). Əgər biz idarələrə
müraciət etsək, tribunaları doldurmaq çətin deyil. Amma biz bunu zorla eləmək
istəmirik. Bu gün Bakıda çıxış edən klublar arasında bilet satışını həyata
keçirən bizik. Premyer Liqa klublarından bizdən başqa “Kəpəz” də bu işi görür
və onların oyununa çoxsaylı azarkeşlər gəlir.

 

– Respublika stadionunda oynayan zaman komandanı dəstəkləməyə daha
çox azarkeş gəlirdi. Yenidən ora dönməyi düşünmürsüz?

– Xeyr, bu
haqda düşünmürük. Bu stadion artıq klubun balansına verilib. Bəzi çətinliklər
var, bu da “Neftçi” ilə bağlı deyil. Ümumilikdə Azərbaycan futbolu,
iqtisadiyyatı ilə bağlı çətinliklərdi. Biz Müşahidə Şurasına seçilən zaman
“Neftçi”nin 3 milyon dollar borcu var idi. Həmin vaxt dollar manatdan ucuz idi.
Amma dekabrdakı devalivasiyadan sonra məbləğin hara yüksəldiyini düşünün. Bu, “Neftçi”nin
borcudu, kimlərinsə üzərinə atmaq istəmirik. Həmin borclar da verilməliydi,
yoxsa UEFA-dan ciddi cəzalar gələcəkdi.

 

– Bəs uğursuz gedişə nə vaxt son qoyulacaq və komanda
azarkeşlərini sevindirəcək?

– Desəm
ki, növbəti oyundan hər şey düzələcək, bu, düz olmaz. Bugünkü oyuna heç də pis
başlamamışdıq. “Qəbələ”nin ilk qolunun ofsayddan vurulduğu deyilir. Bunu
mütəxəssislər təkrarlara baxdıqdan sonra müəyyən edə bilər. İstəyirik ki,
komandamız həmişə bugünkü oyunun ilk 45 dəqiqəsindəki kimi oynasın. Təbii ki,
yaxşı oyunu izləməyə azarkeş də gəlir. Keyfiyyətsiz futbola kim gələr?! Qarşıda
“Xəzər Lənkəran”la vacib oyunumuz var. Mütləq qalib gəlməliyik. Bütün
diqqətimiz həmin oyuna yönəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43