Müsahibə

Elxan Məmmədov: “Premyer Liqada 8 komanda olacaq” (MÜSAHİBƏ)

AFFA-nın baş katibi Elxan Məmmədov İslamiadanın futbol yarışları çərçivəsində millimizin Kamerunla oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com saytının əməkdaşının sualını da cavablandıran Məmmədov ilk öncə qolsuz başa çatan oyun haqda danışıb.

– Çətin matç oldu. O biri görüşləri də izlədim. Müqayisə edəsi olsaq, Kamerun fiziki baxımdan da, taktiki cəhətdən də güclü komandadır. Millimiz də yaxşı mübarizə apardı. Xüsusilə ilk 20 dəqiqədə yaxşı çıxış etdik. Qol imkanlarımız olsa da, bundan yararlana bilmədik. Ümumiyyətlə isə gözəl oyun idi.

– Tribunalarda az sayda azarkeş var idi. Əvvəlcədən bütün biletlərin satlıdığı elan olunsa da, hardasa yarısı boş idi…

– Bu barədə mənə deyil, Təşkilat Komitəsinə müraciət edin. Çünki biletin satışına onlar nəzarət edirlər.

– “Sektor 11” azarkeş qrupu əllərində baraban olduğu üçün matça buraxılmadılar. Bununla bağlı nəsə deyə bilərsiniz?

– Sözün düzü, bu barədə eşitdim, ancaq bu da Oyunların Təşkilat Komitəsinin səlahiyyətində olan məsələdir. Onlar daha aydın açıqlama verə bilərlər.

– Riçard Almeydanın pasport məsələsi öz həllini tapmadı?

– Almeydanın məsələsi ilə bağlı gələn həftənin birinci günü FİFA-ya müraciət edəcəyik. Növbəti 4 həftədə onların bu məsələ ilə məşğul olan xüsusi komitəsi qərar verəcək.

– Onda belə çıxır ki, Şimali İrlandiya ilə matça kimi çatmayacaq?

– Bilirsiniz, 4 həftə konkret vaxt deyil. Ola bilər ki, 2 həftə olsun. Gözləyəcəyik.

– Qırğızıstan Futbol Federasiyasının prezidenti Bakıya qonaq gəlmişdi. Onlarla söhbətdə yoldaşlıq oyunu ilə bağlı danışıqlar oldumu?

– Xeyr, elə bir söhbət olmadı. Mövzu başqa idi. Onlar Bişkekdə baza tikirlər, bunun üçün bizim bazamıza baxıb faydalanmaq istəyirdilər. Yoldaşlıq oyunu isə ola bilsin ki, gələcəkdə boş gün olsa, bu barədə düşünə bilərik. Çünki biz orda oynamışıqsa, burda da cavab matçı keçirilməlidir.

– Premyer Liqadakı klubların sayı ilə bağlı dəqiq bir məlumat varmı?

– Rəsmi olaraq bir nəticə yoxdur. Lisenziyalaşdırmanı gözləyəcəyik. İK-nın son iclasında qeyd olunmuşdu ki, 8 komanda olacaq. Təbii ki, arzumuz budur ki, 10 komanda iştirak eləsin. Amma tələblərə uyğun olanlar əsas çempionata buraxılacaqlar. Yenə deyirəm, arzumuz 10 olsa da, sənədlərə baxanda 8 komanda hazır görünür.

– AZAL-ın yaşaması üçün AFFA tərəfindən hansısa dəstək mümkündürmü?

– AZAL yaşayacaq və I Divizionda çıxış edəcək. Komandanın öz imkanları var, aşağı dəstədə çıxış etmək onlar üçün problem olmayacaq.

– Lisenziyalaşdırma ilə bağlı 8 komandanın hazır olduğunu dediniz. Onlardan 7-si keçən mövsümün iştirakçılarıdır. Bəs biri kimdir?

– Baxacağıq. 3 komanda müraciət edib. Bəziləri ancaq ərizə yollayıb, ancaq sənədlər hələ gəlməyib. Onların adını indi açıqlaya bilmərəm. Ayın 12-də dəqiq məlum olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43