İdman

“Sector 11” arenaya buraxılmadı: sən demə, İslam(iada)da barabanla stadiona girmək qadağan imiş

Bu gün Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına start verilib. A qrupunda yer alan milli komandamız da bu gün ilk oyununu keçirib. Komandamız “Bayıl Arena”da Kamerun yığmasıyla qarşılaşıb – 0:0.

Matçdan öncə oyuna bütün biletlərin satıldığını bildirsələr də, stadionda təxminən 500-ə yaxın azarkeş var idi. Bundan əlavə, görüşdən öncə daha bir xoşagəlməz hal yaşanıb. Hər zaman milli komandamızın yanında olan  “Sector 11” azarkeş qrupu stadiona buraxılmayıb. Matçdan öncə “Bayıl Arena”nın qarşısında toplaşan azarkeş qrupunun üzvləri hər zaman olduğu kimi bu dəfə də baraban və bannerlə idilər. Lakin arenanın girişində olan Təşkilat Komitəsinin nümayəndələri azarkeş qrupuna baraban və bannerlə stadiona girməyin mümkünsüz olduğunu bildiriblər. Bu səbəbdən “Sector 11” azarkeş qrupunun üzvləri matçda iştirak edə bilməyiblər.

Məsələ ilə bağlı sözügedən azarkeş qrupunun rəhbəri Atanur Cəfərli ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında belə halla ilk dəfə qarşılaşdıqlarını bildirdi:

“Hər zaman olduğu kimi bu dəfə də milli komandamıza dəstək üçün stadionun qarşısında toplaşmışdıq. Baraban və bannerlərimiz də həmişəki kimi yanımızda idi. Hər zaman millimizi dəstəkləmək üçün stadionda oluruq. Əgər xatırlayırsınızsa, 17 yaşadək futbolçuların Avropa çempionatında da milli komandamızın yanında idik. Amma orada probem yaranmamışdı. Bu dəfə isə dedilər ki, baraban olmaz, banner olmaz. Olmaz deməklərini anladıq, yəqin ki, kimsə tapşırıb ki, barabanla girməyə icazə yoxdu. Amma o sözü elə kəskin formada dedilər ki, sanki stadiona aidiyyatı olmayan bir şey gətirmişik. Çox sərt şəkildə etiraz etdilər. Güya barabanın stadiona aidiyyatı yoxdur”.

O, məsələ ilə  bağlı AFFA-ya məlumat verdiklərini bildirdi:

“Bu barədə AFFA-ya müraciət etmişik. Onlara bildirdik ki, komandamızı dəstəkləməyə gəlsək də, bizi içəri buraxmırlar. Bu, stadiondur da, voleybol və ya basketbol yarışı deyil ki, qapalı arena olsun, içəridə barabansız da dəstəkləyə biləsən. Açıq arenalarda barabanın olması mütləqdir ki, həm güclü dəstək ola biləsən, həm də ətrafdakı insanlarda maraq yaradasan, komandanı dəstəkləmələrinə təkan verəsən. Dediyim kimi, AFFA-ya bildirmişik. Bilmirəm onlar bu barədə nə ölçü götürəcəklər.  Kömək etsələr, yaxşı olar. Biz də milli komandamıza dəstək olarıq”.

Bu barədə AFFA-nın baş katibi Elxan Məmmədova da sual ünvanladıq. O, saytımıza açıqlamasında məsələ ilə bağlı protokol şöbəsinə müraciət etiklərini dedi:

"Sözün düzü, bunu biz də eşitdik və oyunun protokol şöbəsinə fikrimizi bildirdik. Çünki onlar məsuliyyət daşıyırlar. Yəqin ki, gələcəkdə nəzərə alarlar. Baraban futbola mane ola bilməz. Amma bu məsələ barədə də İslamiadanın Əməliyyat Komitəsinə müraciət etməyiniz yaxşı olardı. Ola bilsin həmin azarkeşlər biletsiz gəliblər. Əgər biletləri olubsa, nəyə görə belə etdiklərini bilmirəm".

İlkin İsmayılzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43