Müsahibə

FİFA referisindən “odlu-alovlu” mesaj: “Keçmişini unutmasınlar, onlar mənim üçün çirklənmiş havadı” (MÜSAHİBƏ)

FİFA referisi Əfqan Həmzəyev ölkə.az saytına verdiyi müsahibədə yenə hakim Orxan Məmmədovun bostanına daş atıb.

Həmzəyev "Bu adam hakim deyil. Futbolu anlamır, amma FİFA hakimidir. İlk dövrədə 11 oyun idarə edib 6 oyundan aşağı qiymət alıb" – açıqlamasına FİFA referisi Orxan Məmmədovdan sərt reaksiya gəlib.

Məmmədov İdmanxeber.com-a müsahibəsində bu mövzu haqqında ətraflı danışıb:

– Əfqan Həmzəyevin fikirləri ilə tanışsız. Yenə bostanınıza daş atıb…

Boş şeydi. Sadəcə keçmişini unutmasın. Mənim Əfqandan vacib işlərim var. Bu cür müsahibələrinə fikir vermirəm.

– Sizi qıcıqlandıracaq kifayət qədər ifadələr işlədib. Misal üçün, sizin futbol anlayışınızın olmamasını deyib…

Qoy məndən danışıb özünü reklam etsin. Boş şeydi… Əfqan Həmzəyev, Anar Salmanov və digərləri havadı, korlanmış hava.

– Sən FİFA referisisən. Niyə Həmzəyev "Bu adam hakim deyil" ifadəsini işlətsin ki?

Çünki o da mafiyanın bir üzvüdü. Mənə qarşı qruplaşmış mafiyanın… Onların siyahıları böyükdü.

– Orxan, niyə məhz sən? Niyə sənə qarşı bu mövqedədilər?

Mənə də bu maraqlıdı (gülür). Deyirlər ki, day-day hesabına irəli gedir. Kimdi o day-day? Mən də həmin adamı axtarıram, görüm kimdi. Onların sadəcə bir məqsədi var, Orxan FIFA-dan çıxsın. Bir söz deyim onlara, ay millət, çıxardacaqlar çıxacam. Daha sizin kimi ətəyimi başıma çəkib hakimlərin və komitənin arxasınca danışmayacam. Çünki kişiliyimi itirməmişəm. 

– Sənin FİFA-da olmağın onların ziyanınadı?

Əli, Vəli, Pirvəli FIFA hakimi olsun, Orxan olmasın (gülür)

– Premyer Liqananın cari mövsümündə 11 oyun idarə etmisən və bunun 6-da aşağı bal almısan… Bunu da xüsusi vurğulayıb…

Bu barədə heç nə deməyəcəm. Desəm, çox şeylərin üstü açılacaq. O da mənlik deyil. Almışam, almışam da… Guya bunu deyənlər hər oyun 8.5 bal alırdı? Əfqan deyir hakim 3-5 ilə yetişmir, ən azı 10 il lazımdı. Mən isə 2010-cu ildən bu yana baş hakiməm. 

Nə isə.. Hakimlikdən kənar ciddi problemlərim var, onlarla məşğulam.

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43