Kateqoriyasız

Futbolumuzla bağlı tap(at)macalar

Bir qızıl öküzüm var,

Harda yatsa ot bitməz.

Açması: Bəhmən Həsənov. Bu şəxs “Rəvan”ın uğursuzluqlarında əsas pay sahiblərindən biridi. Həsənov bu komandayla bir-neçə dəfə yatandan sonra “Rəvan”da ot bitmir ki, bitmir.

İkinci cavab olaraq Berti Voqtsu da göstərmək olar. AFFA-nın qızıla bənzədib qızıla döndərdiyi bu başınadöndüyüm 5 ildi seçməmizlə yatır. Elə, sözün əsl mənasında…

 

Qəndə oxşar dadı yox,

Göydə gəzər, qanadı yox.

Açması: Böyükağa Hacıyev. “Zəif” arabir şirinlik edir, zarafatlarını jurnalistlərdən əsirgəmir. Amma bu zarafatların nəsə heç dadı olmur da. Üstəlik, Hacıyevin yerdə işi olmaz. O, həmişə göydədi. Qanadı olmasa da, onun Sadıq müəllim kimi dayısı var. Beləsi göydə gəzər də…

 

Bağda bitər tağı yox,

Ha sıxarsan yağı yox.

Açması: “Sumqayıt” Peşəkar Futbol klubu. Bu klubun “tağı” yoxdu. Hə, bir zamanlar var idi. Amma Elxan Məmmədov bura elə od qoyub ki, klubun “bağı” da quruyub, “tağı” da. Yağını da almanlara peşkəş etdilər.

 

Ləyəndə, ay ləyəndə,

Gül boynunu əyəndə,

Yeyilər kal vaxtında,

Yemək olmaz dəyəndə.

Bu tapmacanın açması xiyardı. Azərbaycan futbolu xiyarla zəngin olduğu üçün konkret ad çəkməyə ehtiyac görmürəm.

 

Ağzı birdi, dili mindi,

Gah elə deyir, gah belə.

Açması: Elxan Məmmədov. Foqts məsələsində də nala-mıxa vuran Məmmədov bu tapmacanın cavabını əməlləriylə verir. El arasında belələrinə daha gözəl ad verilib.

 

Avın alsan mırıldar,

Sığallasan xoruldar.

Açması: Ramin Musayev. Transfer bazarına alternativ biri girsə, Musayevin malına göz diksə, dərhal onun qəzəbinə tuş gələr. Amma kimsə onunla hesablaşsa, payını ayırsa, başını sığallasa, Musayev elə şirin-şirin xoruldar ki…

Ardı var… Tapmacadan boluq, elə tapmacakimilərdən də

imza: Məlikməmməd

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43