Dünya futbolu

“Həyatımda ilk dəfə belə uzun müdafiəçilər görürəm” – Amit Quluzadə

“Sənədlərimdə problem olduğunu görə, lisenziyam biraz gec çıxdı. Ancaq hazırda hər şey qaydasındadır. Son 5 oyunun 4-nü udmuşuq. Ona görə əsas heyətə düşmək çətindir. Udan komandanı dəyişdirmək asan olmur. Ancaq qarşıdakı oyunlarda komandama kömək etmək istəyirəm”

Bu sözləri Bosniya və Herseqovinanın “Çelik” klubunda forma geyinən Azərbaycan milli komandasının sabiq üzvü Amit Quluzadə  İdmanxeber.az– a verdiyi müsahibədə deyib. O, Azərbaycanla Bosniya çempionatı arasındakı səviyyədən və azarkeşlərin stadiona gəlməsindən də danışıb:

“Burada daha çox fiziki futbol oynanır. Futbolçular həddindən artıq uzunboyludur. Sonuncu oyunumuzda həyatımda ilk dəfə belə uzun müdafiəçilər görürdüm. Onların əksəriyyətinin boyu 2 metrdən yüksək olur.  Hər oyun stadionumuzda 6-7 min azarkeş olur. Mərkəzi qarşılaşmalarda bu rəqəm 11-12 minə yüksəlir. Açığı, stadionlara gözlədiyimdən daha çox azarkeş gəlir.”

A.Quluzadə milli komandaya yernidən dəvət alıb-almayacağı barəsində isə bunları deyib:

“Açığı, hələ bu barədə fikirləşmirəm. Burada özümü möhkəmlətmək istəyirəm. Mənim bura gəlməyimdə əziyyət çəkən insanlar olub. Hazırda komandamda özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Mənə olan etimadı doğrultmalıyam. Bizim məqsədimiz ikinci-üçüncü yeri tutub avrokuboklara vəsiqə qazanmaqdır. 5-ci yerdə olsaq da, ikinci yerlə aramızda 3 xal fərq var. Çalışıb hədəfimizə nail olmalıyıq. Milli komanda isə sonrakı mövzüdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43