Ölkə futbolu

“Hansısa jurnalistin Canni De Byaziyə bu sualı verdiyini görməmişəm”

Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Vüsal İsgəndərli ötən gün “Vlajniya” ilə görüşdə hesabı açaraq komandasının qələbəsində (2:0) pay sahibi oldu. Bu qalibiyyətin ardından liderliyi ələ keçirən “Eqnatiya” ikinci pillədədiki “Tirana”dan 3 xal öndədir.

Komandanın cari mövsüm hədəfləri və öz performansını dəyərləndirməsi üçün İsgəndərli ilə söhbət etdik. O, İdmanxeber.az saytına verdiyi müsahibədə Canni De Byazidən dəvət gözləyib-gözləmədiyinə də aydınlıq gətirdi:

– Dünənki qələbədən sonra çempionatda liderliyə yüksəldiniz. Hədəfiniz nədir?

Komanda olaraq çempionluğa çox inanırıq. Liderliyə yüksəlməyimiz də bizim üçün əla nəticədir. Buna layiq heyətimiz var. Çox yaxşı oyunçu qrupuna sahibik. Səviyyəli futbolçularımız var. Çalışacağıq ki, bundan sonra da lider kimi davam edək.

– Albaniyada növbəti qolunu vurdum. Maraqlıdır, öz hədəflərin nələrdir? Başqa klublardan maraqlanan olur səninlə?

Futbolçu üçün qol vurmaqdan, assist etməkdən əla heç nə ola bilməz. Ən yaxşı motivasiya elə fərqlənməkdir. Başqa kluba keçib-keçməyəcəyim barədə indidən danışmaq tezdir. Mən bu yola çıxanda özümə inanaraq başlamışam. Daha uğurlu olacağımı şübhəm yoxdur. Hər şeyi çalışmaqla əldə etmək olar.

– Premyer Liqamızla Albaniya çempionası arasında hansı fərqlər var?

Mən Türkiyədə oynayanda da demişəm ki, mənim üçün hər zaman öz vətənim əzizdir. Azərbaycan futbolu, çempionatı, milləti mənə dəyərlidir. Ona görə hər hansı bir müqayisə etmək istəmirəm. Amma əlavə edim ki, burada stadionlara daha çox azarkeş gəlir. Hamısı da çox tələbkar və aqressivdir. 

– Qarşıda milli komandamızın AVRO-2024 seçmə mərhələsi görüşü var. Canni De Byazidən dəvət gözləyirsən?

Səncə, məni çağıracaqlar?

– Mən sənin fikrini bilmək istəyirəm…

Açığı, mənə də elə sizin fikriniz maraqlı idi. Bir dəfə görmədim hansısa jurnalist millinin baş məşqçisinə bu barədə sual versin ki, niyə layiq olanlar dəvət almır yığmaya? Bunun səbəbləri nədir? Əlbəttə, mən bir futbolçu olaraq ondan dəvət gözləyirəm. 

– Heç italiyalı mütəxəssislə bu barədə söhbətin olub? Ümumiyyətlə, özünə qarşı haqsızlıq olduğunu düşünürsən?

Əlbbətə, düşünürəm. Özü də yüz yox, min faiz. Onunla aramızda heç bir söhbət olmayıb. Niyə dəvət almadığımın detallarını Canni De Byazi daha yaxşı bilər. Ümumiyyətlə, bəzi şeylər var ki, danışmaqla düzələn deyil. 

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43