Kateqoriyasız Ölkə futbolu

“Hazırki mövqeyimiz bizi qane etmir” – “Qəbələ”nin futbolçusu

“Oyun gözlədiyimiz kimi ağır keçdi. Ciddi hazırlaşmışdıq. “Qarabağ” vaxt ötdükcə təzyiqi artırdı, biz də əks hücumlarda təhlükəli olmaq istədik. Rəqibin gücü hamıya bəllidir. Qələbə də, məğlubiyyət də ola bilərdi. Bu oyunun davamını cavab görüşündə də gətirməliyik”.

Bu sözləri İdmanxeber.az saytına “Qəbələ”nin futbolçusu Rövlan Muradov Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Qarabağ” matçı barədə danışarkən deyib. O, Bakıdakı heç-heçənin (2:2) ardından komandasının şanslarını da dəyərləndirib:

“Şanslar eynidir. Əvvəlki qayda deyil ki, qolsuz bərabərlik bizə sərf etsin. Mütləq daha yaxşı hazırlanmalıyıq. Doğma meydanda hər şeyi edib turu keçməliyik. Favorit “Qarabağ” olsa da, qələbə qazanmağa çalışacağıq. Yaxşı komandamız var. Heyyətimiz kasad olsa da, iki cəbhədə də mübarizə aparmaq istəyirik”.

24 yaşlı futbolçu “qırmızı-qaralar”ın çempionatdakı mövqeyindən də söz açıb. O, hazırda beşinci pillədə qərarlaşan komandanın daha irəli getməli olduğunu bildirib:

“Açığı, rəhbərliyin bizdən tələb etdiyi konkret bir hədəf yoxdur. Mümkün olduqca yuxarı pillələrə oynamalıyıq. Hazırkı mövqeyimiz bizi qane etmir. Çünki məqsədimiz avrokuboklara qatılmaqdır. Bunun üçün çalışırıq”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43