Ölkə futbolu

“İnanırıq ki, idman prinsipləri qorunacaq və Premyer Liqada çıxış edəcəyik”

“Hazırda çempionatda liderik. Amma bizi qarşıda çətin oyunlar gözləyir. Bütün görüşlərdə qələbə qazanmalıyıq. Məqsədimiz mövsümü çempion tamamlamaqdır”.

Bu sözləri İdmanxeber.az saytına “Qaradağ Lökbatan”ın baş məşqçisi Azər Həşimov komandanın performansı barədə danışarkən deyib. O, hədəflərinin Premyer Liqada oynamaq olduğunu bildirib:

“Daha öncə çempion olsaq da, elitaya yüksələ bilmədik. Amma ötən mövsümdən artıq idman prinsipləri bərpa olunub. İnanırıq ki, bu il çempion olsaq, Premyer Liqada oynayacağıq. Komandada bunun üçün hər şərait var. İki ildir burada çalışıram. İndiyə qədər hər hansı bir maliyyə sıxıntısı görməmişəm. Baş məşqçi kimi işimin öhdəsindən gəlməyə çalışıram. Digər məsələlərlə isə rəhbərlik məşğul olur. Çempion olsaq, Premyer Liqada oynamaq üçün bütün şərtləri yerinə yetirəcəyik. İnanırıq ki, idman prinsipləri qorunacaq və Premyer Liqada çıxış edəcəyik”.

39 yaşlı mütəxəssis I Liqada istedalı futbolçuların olduğunu sözlərinə əlavə edib:

“Əgər komanda Premyer Liqaya yüksəlirsə, oradakı oyunçular da elitada çıxış etmək şansı qazanır. Bundan başqa, bəzi gənc futbolçular artıq Premyer Liqa klubları ilə müqavilələr imzalayır. Əgər APL-də komanda sayı artacaqsa, azərbaycanlı oyunçular daha çox şans qazanacaq. Bununla da kütləvilik artacaq və futbolumuzun inkişafı üçün önəmli qərar olacaq”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43