Müsahibə

“İnter”in parlamaqda olan üzvü: “Hər bir insan məni tez aldada bilər” – MÜSAHİBƏ

Son ayların parlamaqda olan futbolçusu Coşqun Diniyev sərgilədiyi futbolla bir çoxlarının diqqət mərkəzinə düşüb. Gənc yaşlarında artıq özündən söz etdirməyi bacaran qəhramanımız danışmaq qərarına gəldim.

“İnter”in şərəfini qoruyan Diniyevlə hər şeydən biraz da olsa danışdıq.

– Futboldan başqa özünü görmək istədiyin sənət varmı?

Uşaqlığdan təyyarələrə meyilim olub. Əgər futbolçu olmasaydım, yəqin ki, pilot olardım. O sahədə özümü yoxlamaq istəyərdim.

– Karyeran ərzində vurduğun qollardan sənin üçün ən yadda qalanı hansı olub?

Çox qollarım varki onları qeyd edə bilərəm amma bu il “Bakı” ilə oyunda vurduğum qol mənim üçün unudulmaz qollardan hesab olunur.


– Karyeran ərzində elə bir oyun olubmu ki, sənin yaddaşında pis xatirələrlə qalsın?

Əlbətdə, belə oyunlar olur. Bu yaxınlarda milli komanda ilə gözlənilmədən məğlub olduq. Bu oyun mənim üçün pis xatirələrlə yadda qaldı.

– Bilirik ki, futbolçu zədələnən zaman futboldan aralı düşür. Bəs səni zədələnməkdən başqa nə futboldan uzaqlaşdıra bilər?

Düşünmürəm ki, zədədən başqa nəsə məni futboldan uzaqlaşdırsın. Mən futboldan uzaqlaşa bilmərəm.

– Diqqət mərkəzində olmaqı sevirsənmi?

(Gülür) Nə yalan deyim, bəli, sevirəm.

– Bəs bunun üçün nə edirsən?

Diqqət mərkəzində olmaq üçün öz işini insanlara yaxşı tərəfdən göstərməlisən. Mənim də işim futbol olduqu üçün daha yaxşı oynamağa çalışıram ki, diqqət mərkəzində olum.


– Sənin üçün həyatda xoşbəxtliyin formulu nədir?

Mənim yaxınlığımda olan insanlar, dəyər verdiklərim, sevdiyim insanlar xoşbəxt olanda mən də xoşbəxt oluram. Mənim üçün xoşbəxtliyin formulu budur.

– Coşqun, parodiya ilə aran necədir?

Parodiya etməyi sevmirəm. Çünki, bacarmıram. Bacarsam, günümün əksər hissəsini parodiya etməklə keçirərəm. Daha çox ətrafımdakı dostlarımı parodiya edərəm. Çünki onlar məni çox parodiya edirlər (gülür).

– Bu yaşına qədər ən çox nə səbəbə danlanmısan?

Desəmki danlanmamışam yalan olar. Uşaqlığda daha çox danlanmışam. Çünki nadinc uşaq olmuşam. Amma indi böyük insanam, elə hərəkətlər edib, şərait yaratmaram ki, danlanım.

– Futbol meydançasından başqa səni tez-tez harda görmək mümkündür?

Futbol meydançasından başqa, demək olar ki, günümün çox hissəsini evdə balaca bacım və qardaşımla keçirirəm. Bundan başqa dostlarımla gəzməyə də üstünlük verirəm.


– Özünü karizmatik hesab edirsənmi?

(Gülür) Biraz çətin sual oldu mənim üçün. Yox, özümü karizmatik hesab etmirəm. Xoşlayıram ki, bunu qırağdan baxanlar mənə desinlər.

– Sənə karizmatik deyən olubmu?

Deyənlər olub. Yaxşı sözlər deyənlər olur haqqımda, pis deyənlər də. Pisi də qəbul edirəm, yaxşını da.

– Səni digərlərindən fərqləndirən xüsusiyyətin hansıdır?

Məni digərlərindən fərqləndirən xüsusiyyətim insanlara tez inanmağımdır. Məndə bu saflıq var. Hər bir insan məni tez aldada, tez inandıra bilər. Bu mənim mənfi xüsusiyyətlərimdən biridir. Müsbət xüsusiyyətim isə səmimi olmağım və qarşımdakı insana hörmət qoymağımdır.

– Biraz da komanda yoldaşlarından danışaq. Qiyabi olsada komanda yoldaşlarınla bizi tanış et. Məsələn, komanda yoldaşlarından ən çox gülən kimdi?

Kolletkiv olan yerdə hər cür insana rast gəlmək olar. Komandamızda hərşeyə gülən Abdulla Abatsiyevdir. O insanın yanında adi bir söz belə desən güləcək.


– Bəs ən ciddisi kimdir?

Ən ciddi mən deyərdim ki, Aleksandr Amisulaşvilidir. Aleksandrı güləndə görmək mümkünsüzdür.

– Ən zarafatcıl futbolçu?

Ən zarafatcıl yeganə insan Nizami Hacıyevdir. Şəxsi heyatda deyə bilmərəm, amma komanda ilə olanda bu insanın hər dəqiqəsi zarafatla keçir.

– Olubmu ki, Nizaminin hansısa zarafatını kimsə qəbul etməyib və kiçik də olsa münaqişə yarana aralarında?

Yox, hamı öyrəşib Nizaminin zarafatlarına…

– “İnter”də ən əsəbi futbolçu kimdir?

Elə çox əsəbi insan yoxdur komandada. Hamı bir- biri ilə mehribandır.

– Bitməkdə olan 2014-cü il sənin həyatında hansı xatirləri saxladı?

2014-cü il mənim üçün uğurlu oldu. İstədiyim bəzi nailiyyətləri əldə etdim. Bu il bu nailiyyətləri əldə etdim, gələn il də artırmalıyam.


– 2014-cü il “at ili” idi, at da el arasında murada çatmaq kimi başa düşülür. Elə bir arzun, muradın oldumu, bu ildə ona çatmadın?

Bəli, oldu, amma murada çatdığım istəklərim də oldu bu ildə…

– Hansı istəklərin oldu ki, onları heyata keçirə bilmədin?

Şəxsi həyatımla bağlıdı.

– Bəs 2015-dən, “qoyun ili”ndən nə gözləyirsən?

Mən “at ili”, “qoyun ili” belə şeylərə inanan biri deyiləm. Hər bir il gəldiyi zaman öz uğurunu bizim üçün gətirər.

– Coşqun “Şaxta baba”dan nə gözləyir?

(Gülür) Hal-hazırda heçnə istəmirəm. Uşaqlığda inanırdım “Şaxta baba”ya.

– Bəs uşaqlıqda “Şaxta baba”dan ən çox nə istəmisən?

Top istəmişəm(gülür). Futbola uşaqlıqdan marağım olduğu üçün istəklərim də futbolla bağlı olub.

– Coşqunun həyatında qar qız varmı?

Bu sualda səmimi olmaq lazımdısa, bəli, var.

– Bizə son sözün nədir?

Təşəkkürümü bildirirəm sizə. Uğurlar!


Həmsöhbət oldu: Arzu İsmayıl

Fotoqraf: Vüsal Mirzəyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43