İdman

Karateçilərimiz dünya çempionatında 3 medal qazanıb

Avstriyanın Lints şəhərində keçirilən 23-cü dünya çempionatını Azərbaycan karateçiləri 3 medalla başa vurub. 

İdmanxeber.com-un məlumatına görə, medallardan biri qızıl, biri gümüş, biri isə bürüncdür.

75 kq çəkidə çıxış edən Rafael Ağayev 5-ci dəfə dünyanın ən güclüsü adına sahib çıxıb. 84 kq-da yarışan Ayxan Mamayev gümüş, 60 kq-da Firdovsi Fərzəliyev isə bürünc medal əldə edib.

Komanda yarışlarının bürünc mükafatı uğrunda görüşdə isə Fransa yığmasına uduzan Azərbaycan millisi 5-ci yerlə kifayətlənib.  Bu nəticə ilə Azərbaycan komandası Avropa ölkələri arasında isə 2-ci olub.

Yarışın təntənəli bağlanış mərasimində Dünya karate Federasiyasının (WKF) prezidenti Antonio Espino Rafael Ağayevə və dünyanın daha 5 ən titullu karateçisinə "Karatenin ən yaxşıları" üçün nəzərdə tutulan hədiyyələr təqdim edib. 

Qeyd edək ki, dünya çempionatında 118 ölkədən 1025 idmançı iştirak edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43