İdman

“Kəpəz”in əcnəbilərinin aqibəti: Dario Türkiyədən gələn təklifi qəbul edəcəkmi?

Gələcək taleyi hələ də müəmmalı qalan “Kəpəz” may ayının 20-si Gəncə şəhər stadionunda “Neftçi”ni qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, bu, böyük ehtimalla qərb təmsilçisinin Premyer Liqada keçirəcəyi sonuncu qarşılaşma olacaq. Oyundan sonra “Kəpəz”in legionerlərinin aqibəti necə olacaq? Yaxud, “sarı göylər” Premyer Liqada yoluna davam etsəydi, hansı əcnəbi futbolçular komandada qalıb, hansıları kollektivi tərk edəcəkdi?

Əldə etdiyimiz məlumata görə, Gəncə klubundan bir tək Dario Frederikonu yaxşı aqibət gözləyir. Belə ki, mövsüm başa çatmamış “sambaçı” artıq “Neftçi” ilə şifahi razılığa gəlib. Problem yaranmayacağı təqdirdə, yarımmüdafiəçi “ağ-qaralar”la 1 illik müqvailəyə qol çəkəcək. “Kəpəz”in elitada iştirakı yenidən təsdiqlənsə belə, Darionu saxlamaq mümkün olmayacaq. Çünki paytaxt təmsilçisi Frederikoya olduqca sərfəli maaş təklif edib. 

Hücuma meyilli futbolçunun transfer variantları bununla bitmir. Adını öyrənə bilmədiyimiz Türkiyənin aşağı dəstə klubu braziliyalı futbolçunun xidmətində maraqlıdı. “Neftçi” transferi dəqiqləşmədiyi üçün, Darioya Türkiyə variantı da təklif olunacaq. Amma Frederikonun “Neftçi” üçün gün saydığını söyləyə bilərik.

“Kəpəz”in digər əcnəbilərindən ölkəmizdən konkret təklif alanı yoxdu. Təbii ki, “Səbail”in Dedimar Fereyra ilə yüngül formada maraqlandığını nəzərə almasaq. Möcüzə olarsa, “sarı göylər” 2018-2019 mövsümündə də Premye rLiqada çıxış edərsə, o zaman Dedimar “Kəpəz”dəki yerini qoruyacaq. Dedimarla yanaşı, Quli Manqaladze, İqor Korotetski və Sergey Litovçenko da əyalət təmsilçisinin elitada qalmasını arzu edənlərdəndi.

Yarım mövsüm ərzində varlığı ilə yoxluğu seçilməyən Dieqo Souza və Şadon Vinçester isə bu gün sabah ölkəsinə “uçacaq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43