Milli komanda

“Mənə elə gəlir ki, “Bayer”lə oyundakı qırmızı vərəqənin təsiri qalıb” – Arif Əsədov

“FIFA series – Edition 2024” turnirin Azərbaycan – Bolqarıstan matçından (1:1) sonra meydan sahibi komandanın məşqçisi Arif Əsədov jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az məlumat verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Maraqlı oyun oldu. Hər iki komanda yaxşı çıxış etdi. Əzmkar oyun göstərdik. Sona qədər rəqibi üstəliyib qələbə qazanmaq istəyirdik. Ani qol buraxdıq, bu, komandanı bir az ruhdan saldı. Dəyişiklik edib oyunu gücləndirdik. İstədiyimizin 70-80 faizini yerinə yetirdik.

– Hakimlikdən razı qaldınız?
– Bəzi epizodlar əlehimizə oldu. Amma bu komandanı daha da möhkəmləndirir. Gələcək oyunlarda belə epizodlar olduqda oyunçular hazır olacaq.

– Komandaya yeni baş məşqçi təyin olunsa, məğlub olmayan məşqçi kimi tarixə düşəcəksiniz. Tarixə düşmək istəyirsiniz, ya məşqçi kimi davam etmək?
– Tarixə düşmək yaxşıdır, lakin oyunlara ona görə çıxmırıq. Qısa müddətə oyunçulara nələrisə çatdırmaq istəyirdik. Məşqçilər korpusunun gördüyü işi futbolçular meydandan 70-80 faizini yerinə yetirdi. Yeni oyuçular cəlb etdik. Rəqabət olanda inkişaf olur. Təəssüf ki, Vüsal dünən zədələndi. İstərdim ki, onu bu gün sınayım. Düşünürəm ki, yeni uşaqları cəlb etməliyik.

– İkinci hissədə meydana çıxan oyunçular daha yaxşı idi. Gənclərin oyunundan razı qaldınız?
– Deməzdim ki, əsas heyət zəif idi. Taktiki baxımdan daha yaxşı idilər. Vacib idi ki, komanda nizam-intizamı pozmasın. Tapşırıq o idi ki, rəqibi cinahlarda sıxıb pressinq etsinlər. Emil Musatafayev öz klubundan əsas heyəti oyunçusu deyil. Bunu nəzərə alıb ikinci hissədə meydana buraxdıq. Eləcə də Ceyhun Nuriyevi də ona görə meydana buraxdıq

– Arif Əsədov daha çox kimlə məsləhətləşirdi?
– Kamran Ağayev, Fizuli Məmmədov kömək edir. Kiçik məşqçilər korpusu var, amma 10 nəfərin işini gördük. Hər gün oyunları analiz edirdik.

– Renat və Ramilin çıxışından razı qaldınız? Azarkeşlər sosial mediada etiraz edir oyunçuların çıxışına..
– Azarkeşlər sevirlər ki, hücum futbolu oynayaq. Çalışdım ki, bu gün imkanlarımızdan daha yaxşı çıxış edək. Bizim azarkeşlər müdafiə oyununu sevmirlər. Çalışırdıq ki, müdafiəni də onların meydanında quraq ki, hücumlarda rahat olaq.

– Emin Mahmudovu hər iki oyunda əvəz etdiniz. Bu nəylə bağlı idi?
– Emin Mahmudov zədəli idi. Buna görə ona təşəkkür edirəm ki, meydana çıxdı. İlk oyunda da oynatmaq istəmirdik, amma özü çıxış elədi. Sərtlik və mübarizələr çox idi, hiss edirdim ki, ayağında ağrılar var. Ona görə əvəz etdim.

– Elvin hakimi təhqir edirdi. Oyundan çox onun hərəkətləri müzakirə edilir. Bu məsələ ilə bağlı Elvinlə söhbətiniz olub?
– Son zamanlar Elvində gərginlik var. Mənə elə gəlir ki, “Bayer”lə oyundakı qırmızı vərəqənin təsiri qalıb. Oyundan əvvəl nizam-imtizama əməl etməyi tapşırmırdıq. Belçika ilə oyunda azlıqda qalmışdıq. Ümumiyyətlə, azlıqda oynamaq çətindir. Ümid edirəm ki, Elvin də bu basqıdan çıxıb bizim və Qurban müəllimin tapşırıqlarını yerinə yetirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43