Milli komanda

Millimizin hazırlıq planı açıqlandı

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin hazırlıq planı müəyyənləşib.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamız martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq. Komanda martın 19-dək Mərdəkan qəsəbəsində, “Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində qalacaq.

Həmin gün nahardan sonra Zaqrebə yollanacaq millimiz Xorvatiya yığması ilə oyundan dərhal sonra Bakıya qayıdacaq və martın 25-də “Bakcell Arena”da Litva yığması ilə keçirəcəyi oyunun hazırlığına başlanacaq.

Millinin qeyd olunan toplanışlar və oyunlar üçün heyəti gələn həftə açıqlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43