Kateqoriyasız

Millimizin sabiq futbolçusu vəfat etdi

Tovuzun “Turan” komandasının sabiq futbolçusu və baş məşqçisi Sakit Alıyev vəfat edib. Bu barədə jurnalist İlqar Tağıyev status paylaşıb.

S.Alıyev uzun sürən xəstəlikdən sonra bu gün saat 7:00 radələrində 50 yaşında ikən dünyasını dəyişib. Yaxınlarının “Report”a verdiyi məlumata görə, veteran futbolçunun ölümünə 2011-ci ilin mayında oyun zamanı keçirdiyi insult səbəb olub. Sonradan o, İran, Rusiya və Gürcüstanda müalicə olunsa da, səhhətində müsbətə doğru heç bir dəyişiklik baş verməyib. Veteran futbolçunun nitqində və yaddaşındakı problem get-gedə böyüyüb: “Bu gün səhər uşağı qapının ağzında yerə yıxılıb. Bunu eşidən Sakit çölə çıxıb və o da qəfildən yerə sərilib. Bizə zəng edib dedilər ki, Sakitin vəziyyəti pisdir. Özümüzü çatdıranda gördük ki, təcili yardım maşını evlərinin qarşısındadır. Həkimlərin müdaxiləsinə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmadı”.

Mərhum bu gün Tovuzun Bozalqanlı kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Sakit Alıyev 1965-ci il dekabrın 22-də Tovuzda anadan olub. O, futbolçu karyerasına 1992-ci ildə “Turan”da başlayıb. 1997-ci ildə “Kəpəz”ə keçsə də, bir il sonra Tovuz komandasına qayıdıb və karyerasını başa vurduğu 2004-cü ilədək orada çıxış edib. 2005-ci ildə isə S.Alıyev “Turan”da baş məşqçi Naci Şensoyun köməkçisi kimi fəaliyyətə başlayıb. 2006-cı ilin yanvarından etibarən o, qısa fasilələrlə komandada baş məşqçi və məşqçi kimi çalışıb. 2011-ci ilin mayında məşq zamanı insult keçirən mütəxəssis yerə yıxılıb. Həmin vaxtdan o, daim həkim nəzarətində olub. S.Alıyev futbolçu kimi 1994-cü ildə “Turan”la, 1998-ci ildə isə “Kəpəz”lə ölkə çempionu olub. 1995-ci ildə Tovuz komandası ilə gümüş, 1992 və 1993-cü illərdə bürünc medal qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43