Milli komanda

Milliyə son baxış – Qələbəyə ümid varmı ?

UEFA Millətlər Liqasında geridən qalan iki oyunda aktivində cəmi iki xalı olan millimizin növbəti sınağı səfərdə Farer adaları komandası ilə olacaq. Qrupdakı nəticələrimizə nəzər salsaq bu görüş bizim üçün davam və ya tamam qarşılaşmasıdır. Bəs görəsən mütləq qələbə hədəfi ilə yollanacağımız səfər öncəsi yığmamızdakı ab-hava 3 xal qazanacağımıza ümid verirmi ?

Qolu kim vuracaq ?

Turnir başlayandan hücum xəttində problemlemlər yaşadığımız açıq-aşkar görünürdü. “Proyssen”dəki çıxışı ilə diqqətləri bir anda üzərinə çəkən Rüfət Dadaşovun yığmaya dəvət edilməsi bu problemin həll olunduğu anlamına gəlmir. Oyunçu özü Almaniya mətbuatına verdiyi açıqlamada millinin bəzi oyunçularını tanımadığını bildirərək ilk oyunlarda yaşacağı çətinliklərin siqnalı verdi. Ümumiyyətlə, yeni dəvət edilmiş futbolçudan fantastik başlanğıc gözləmək xəyalpərəstlik olardı. Ona görə də R.Dadaşovun istənilən çıxışına hazır olmalıyıq. Əks-təqdirdə hamımızın əzbər bildiyi “Haydan gələn huya gedər” misalını xatırlamalı olarıq. Vəziyyət belə olduqda millinin qol vurma ümidi yenidən Ramil Şeydayevin ayaqlarına qalır. O Şeydayev ki, mövsüm başlayandan sonra özünə zülmlə bir klub tapsa da, hələ də komandasının formasının üzünə həsrət qalıb. Kosovo və Malta oyunlarındakı performansını da nəzərə alsaq oyunçudan gözləntilərin çox da yüksək olmadığı açıq görünər.

Ruslan Qurbanov müəmması.

Dəvət edilən hücumçular içərisində “Səbail”də forma geyinən Ruslan Qurbanov da  var. Oyunçunun Kosovo ilə matçda oynayıb, Malta oyunu öncəsi heyətdən kənralaşdırılması və yenidən milliyə dəvət alması yəqin ki, hansısa taktiki gedişin bir parçası deyil. Tam əksinə qaranlıq qalan məsələlərdəndir. Bu yaxınlarda AFFA-nın yeni tərəfdaşının tanıtım mərasimində millinin heyətindən uzaqlaşdırılmış futbolçunun birdən-birə mətbuatın önündə peyda olması  növbəti təəccübləndiyimiz hadisələrdəndir. Əslində, ölkə futbolunda baş verənlərin bizi artıq təəccübləndirmədiyini desək də, hərdən özümüzü unutduğumuz vaxtlar olur. Hələ millinin heyəti açıqlanmadan bu oyunçunun AFFA-nın üzü kimi mətbuatın qarşısına çıxarılması məlum şəxsə verilən mesaj kimi qiymətləndirilə bilər. O zaman isə ortaya belə bir sual çıxar ki, Qurban Qurbanov Ruslan Qurbanovu milliyə dəvət edib, yoxsa…

Bəs oyunçularla yanaşı baş məşqçi Qurban Qurbanov bu səfərə necə yollanır ?

Azərbaycan futbolunda iki Qurban Qurbanov var: “Qarabağ”ın baş məşqçisi və yığmanın baş məşqçi. Birinci haqda danışarkən hər kəs ağız dolu danışıb, təriflər yağdırsa da, ikinci üçün heç də həmin sözlər deyilmir. Eyni adam haqda bir həftə içərisində 180 dərəcə fərqli fikirlər söylənə bilir. Azərbaycan millisi elə təhlükəli və dəhşətli bir yerdir ki, Bermud üçbucağı barəsində söylənənlər onun yanında yalan olar. Dünya çempionu Toresin, Avropa çempionu Foqtsun, ölkənin futbol əfsanələri olan Ağasəlim Mircavadovun, Nazim Süleymanovun, Şahin Diniyevin belə vaxtıyla gözünün yaşına baxmayan yığma yeri gələndə Qurbanovu da bağışlamır. Elə bu qarşılaşmaya da təcrübəli mütəxəssis “bir ətək” tənqidlə yollanır. Baş məşqçi heyəti açıqladığı gündən oyunçu seçiminin  üzərindən əməlli-başlı tənqid olunur.  Tənqidlər içərisində haqlı tərəflərin olduğu da həqiqətdir. Hər halda seçimi edən də, cavabını verən də odur. Bəlkə oyundan sonra tənqidlər daha da sərtləşəcək və ya yerini təriflərə buraxacaq. Hər halda gözləmə mövqeyində olanlar sayı biz də içərisində olmaqla kifayət qədərdir.

 Azarkeş nə gözləyir ?

İstənilən halda hər millinin oyununda olduğu kimi, bu səfər də bir çoxumuz televizorun qarşısında oturub qələbəni gözləyəcəyik. Hərçənd oyunöncəsi paylaşılan “Səfərimiz ağır, rəqibimiz çətin” anonsu belə indidən qıcıq yaratmağa kifayət edib. Hiss olunur ki, qələbədən başqa gələcək hər-hansı bir nəticənin təpkisi digərlərinə görə daha da ağır olacaq. Ümid edək ki, ayın 11-i milli bizi  sevindirəcək. Ən azından bu turnir gözləntilərimizin uzağında qalmayacaq. Qələbə bizim üçün hər şeyin başlanğıcı ola bilər. Əgər bu səfərdən 3 xalla dönə bilsək, növbəti oyun Malta ilə evdəki qarşılaşmaya daha fərqli yanaşılacaq. Bütün hallarda üstümüzə düşən gözləməkdir. Biz də gözləyirik.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43