Müsahibə Ölkə futbolu

Mirabdulla Abbasov: “Real”da oynamaq istəyirəm” – (MÜSAHİBƏ)

“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov İdmanxeber.az saytına müsahibə verib.

-“Neftçi” qış çempionu oldu. Bəs may ayında necə, “Neftçi”ni çempion görəcəyik ?

-Bunun üçün əlimizdən gələni edirik. “Neftçi”nin uzun illərdir davam edən bu həsrətinə son qoymaq istəyirik. Bu çempionluğu qazanıb klub rəhbərliyi və ən əsası bizi heç zaman tək qoymayan azarkeşlərə ərmağan etmək üçün hər şeyi edəcəyik.

-Son turda sizin əleyhinizə hakim səhvləri oldu. Hətta klub rəhbərliyi də buna kəskin etiraz etdi. Verilən bu qərarlar sizi növbəti oyunlar üçün tədirgin edir ? 

-Ümid edirəm ki, gələcəkdə belə hallar yaşanmayacaq. Əlbəttə ki, nəticəyə təsir edən səhvlər bizim narazılığımıza səbəb olur. Ancaq artıq hər şeyə hazır olmalıyıq. Futbolda hakim səhvləri hər zaman olur. Və bundan sonra da olacaq. Ona görə də öz oyunumuzu yaxşılaşdırıb, maksimumuzu ortaya qoymalıyıq. Biz çempion olmaq istəyiriksə hər şeyi özümüz etməliyik.

-Görünən odur ki, çempionluq yarışı “Qarabağ”la sizin aranızda keçəcək. Rəqibinizin heyəti kifayət qədər genişdir. Bəs siz necə, sonadək “Qarabağ”la başa-baş mübarizə apara biləcəksiniz ?

-Bizim də heyətimizdə kifayət qədər səviyyəli oyunçular var. İstər start heyətdə, istərsə də ehtiyat skamyasında çempionluq yolunda layiqincə mübarizə apara biləcək futbolçular var. Ən əsası bizim mehriban kollektivimiz var. Düşünürəm ki, çempionluq üçün ən əsas məqamlardan biri də budur.

-Bəzən “Qarabağ”ın Avroliqada çıxış etdiyi üçün çempionatda var gücünü qoya bilmədiyi deyilir. Ancaq artıq onlar Avroliqada yoxdurlar. Bundan sonra bütün gücü ilə çempionatda mübarizə aparan bir “Qarabağ” olacaq. Bu, sizi qorxudur ?

-Biz bütün rəqiblərə hörmətlə yanaşırıq. Ancaq heç kimdən də qorxmuruq. Onlar hər iki cəbhədə də yaxşı mübarizə apara bilərlər. “Qarabağ” Azərbaycanda ən geniş heyətə malik komandadır.  Təbii ki, bu üstünlüyü digər komandalar üçün əlavə təzyiq yarada bilər. Ancaq bizim üçün çox da bir önəmi yoxdur.

-Roberto Bordin gördüyümüz qədəri ilə çox aqressiv və əsəbi bir baş məqşçidir. Heç olubmu ki, məşqlərdə bu aqressivliklə sənə hansısa məsələdə irad bildirsin ?

-Xeyr, məşqçinin hər kəslə çox gözəl münasibəti var. Sadecə çox emosional insandır. Bəzən oyunun həyəcanını o qədər yaşayır ki, kənardan çox sətr biri kimi görünür. Ancaq o, heç də belə biri deyil.

-2019-2020-ci ilə qədər “Neftçi” ilə müqavilən var. Avropadan təklif gəlsə karyeranı orada davam etdirmək istəyərsən ?

-Təbii ki, istəyərəm. Avropada oynamaq hər oyunçunun olduğu kimi mənim də arzumdur. Ancaq hazırda tək bir istəyim var. O da “Neftçi” ilə çempion olmaq.

-Xüsusi bir komanda varmı ki, onun formasını geyinməyə xəyal etmisən ?

-Bəli, uşaqlıqdan “Real” (Madrid) azarkeşiyəm (gülür). Orada oynamaq istəyərəm.

-Hazırda həm milli komandada, həm də klubda azarkeşlər səndən çox şey gözləyir. Bu sənin üzərində əlavə bir təzyiq yaradırmı ?

-Təzyiq deməzdim, məsuliyyət yaradır. Məsuliyyət isə çox gözəldir.  Bununla mən daha da öz üzərimdə çalışıb oyunumu yaxşılaşdırmaq istəyirəm. Azarkeşlərin məndən nə tələb etdiklərini yaxşı bilirəm. Daim üzərimdə çalışan biriyəm. Ümid edirəm ki, onların bu gözləntilərini boşa çıxarmayacam.

-Yəqin ki, milli komandanın seçmə mərhələsindəki rəqiblərindən xəbərin var. Millətlər Liqası kimi bizə daha uyğun bir qrupda heçnə edə bilməyən millimizdən nəsə gözləməyə dəyər ?

-Təbii ki, Millətlər Liqasındakı rəqiblərdən daha güclü bir komandalarla qarşılaşacayıq. Yaxşı nəticə verəcək gücə malik millimiz və oyunçularımız var. Sadəcə buna inanmaq lazımdır. Azarkeşlərin komandaya dəstəyi çox önəmlidir.  Bizim evdəki Kosovo oyununu yada salaq. Azarkeşlərin dəstəyinin nə qədər önəmli olduğu həmin oyunda göründü. Ancaq səfərdə tamamən başqa oyun var idi. Elə buna görə də azarkeşləri nə olur olsun stadiona gəlib milli komandaya dəvət olmağa çağırıram.

-Dünya futbolunda özünə örnək aldığın, kumir deyə biləcəyimiz oyunçu var ?

-Kristiano Ronaldonu çox bəyənirəm. Ancaq buna kumir deməzdim. Kumir odur ki, özünü ona bənzədəsən, onun kimi davranasan. Mən belə şeyləri nəzərdə tutmuram. Ancaq uşaqlıqdan onu bəyənib, daim onu izləmişəm.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43