Dünya futbolu

Musa Qurbanlı Viktor Osimheni geridə qoydu

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı dünən “Sumqayıt”a qarşı dubl edərək qollarının sayını 20-yə çatıdırıb.

İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı hücumçu hazırda Premyer Liqamızda bombardirlik yarışında ilk pillədə qərarlaşıb. O, cari mövsüm çempionatda 20 dəfə fərqlənməklə “böyük beşlik” liqalarında çıxış edən bir neçə oyunçunu qabaqlayıb.

Millimizin üzvü yalnız İngiltərə Premyer Liqası bombardirlik yarışında ilk pillədə yer alan Erlinq Halanddan geri qalır. Norveçli futbolçunun aktivində 28 qol var.

La Liqanın ən məhsuldar hücumçusu Robert Levandovski 15, A Seriyasının bombardiri Viktor Osimhen isə 19 dəfə rəqib qapılara yol tapıb.

Almaniya Bundesliqasında cari mövsüm ən çox fərqlənən hücumçu “Verder”li  Niklas Fullkruqdur. O,  çempionat oyunlarında 15 dəfə adını tabloya yazdıra bilib.

Fransa Liqa 1-in ən məhsuldar forvardı isə “Lill”in futbolçusu Jonatan Deviddir. Kanadalı oyunçunun aktivində 19 qol var.

Çempionatımızda cari mövsüm 20 qol vurmağı bacaran Musa Qurbanlı yalnız Premyer Liqanın ulduzu Halandan geri qalır. “Qarabağ”ın hücumçusu bu mövsüm göstərdiyi performansla Levandovski, Osimhen kimi hücumçuları qabaqlaya bilib.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43