İdman

“Neftçi” futbolçuları mükafatdan imtina etdilər: “Qarşıda cavab oyunu var”

“Neftçi” futbolçuları Avropa Liqasının I təsnifat mərhələsində “Uypeşt” (Macarıstan) üzərindəki qələbə (3:1) üçün alacaqları mükafatdan imtina ediblər. Bu barədə klubun Müşahidə şurasının sədri Çingiz Abdullayev öz Feysbuk hesabında yazıb.

O, dünənki matçdan sonra baş verənlər haqda bunları qeyd edib:

“Hər hansı cəmiyyətdəki ən böyük dəyişiklik insanların beyinlərindəki dəyişiklikdi. Mən “Neftçi”nin “Qəbələ”yə 8 qolluq məğlubiyyətini xatırlayıram. 3 gün bazanı tərk etmədilər. Həyatımda heç vaxt bu qədər utanmamışdım! Eyni zamanda buna meydanda olanların peşəkarlığı da daxil idi.

Dünən “Neftçi” qələbə qazandı. Bu, hələ məsələnin həll olunduğu demək deyil. Ancaq ən önəmli hadisə baş verdi. Matçdan sonra Müşahidə Şurası üzvləri və klub rəhbərliyi komandanı təbrik etmək üçün paltardəyişmə otağına getdi. Hamının mükafat alacağını açıqladıq. Komanda isə onlara mükafat verilməməsini təklif etdi. Dedilər ki, cavab matçı hələ qabaqdadı. Məhz bu!

Macarıstanın 20 dəfə çempion olmuş komandası bizə qalib gələ bilər. Və ya başqa bir matçda uduzmağımız mümkündü. Braziliya və Almaniya kimi komandalar da məğlubiyyətdən sığortalanmayıblar. Amma uşaqlar əsas qələbəni qazandılar! Onlar özlərinə hörmət edən profesionallar olurlar! Avrokubok oyununda hesabda geri düşdükdən sonra təslim olmadılar, son dəqiqəyə qədər oynadılar və 3 qol vurdular. Ən önəmli dəyişikliklər insanların fikirlərindəki dəyişikliklərdi! Və bu sadəcə futbolda belə deyil!”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43