Kateqoriyasız

“Neftçi”nin kapitanı azarkeşlərə inanır

“Neftçi”nin kapitanı Rəşad Sadiqov Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsindəki son oyunları ilə bağlı fikirlərini açıqlayıb. Yarımmüdafiəçi klub saytına müsahibəsində bunları söyləyib:

“Rusiya ilə matçda komandamız sona kimi döyüşdü və güclü rəqibdən xal almağı bacardı. Bu oyunda meydana çıxmasam da, komanda yoldaşlarımın qazandığı nəticəyə görə azı onlar qədər sevindim və özüm də hər an meydana çıxmağa hazır idim. “Neftçi”dən olan komanda yoldaşlarım da özlərini yaxşı tərəfdən göstərdilər. Qrup matçlarını 9 xalla başa vurmağımız məncə yaxşı nəticədi”.

“Ağ-qaralar”ın lideri Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində qarşılaşacaqları “Rəvan”la oyundan da danışıb:

“Artıq seçmə mərhələnin oyunları başa çatdığından bütün diqqətimizi çempionata yönəltmişik. Həftə sonu “Rəvan”ı qəbul edəcəyik. Rəqibin aşağı pillələrdə qərarlaşması bizi arxayınlaşdırmır. “Rəvan”la oyunda meydana yalnız qələbə üçün çıxacağıq. İnanıram ki, “Neftçi”nin sadiq azarkeşləri bu oyunda da bizi tək qoymayacaqlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43