Dünya futbolu

Pires: “Qarabağ” “Arsenal” oyunundan çox şey öyrənəcək”

Fransalı sabiq futbolçu Rober Pires Avroliqanın finalının Bakıda keçirilməsi ilə bağlı təşkil edilən kampaniya üçün Bakıya gəlib. Uzun illər “Arsenal”ın formasını geyinmiş sabiq ulduz jurnalistlərlə brifinq keçirərək ölkəmiz barədə təəssuratlarını bölüşüb:

“Bu mənim Bakıya ilk gəlişim deyil.  U-20-nin heyətində də paytaxtınızda olmuşam. Bura yenidən gəldiyim üçün xoşbəxtəm. Sevinirəm ki, Azərbaycanda futbolu bu qədər sevən uşaqlar var. Mən hər zaman belə şeylərə diqqət ayırıram. Bakı Olimpiya Stadionunu çox bəyəndim.Möhtəşəm stadiondur.  Burada Çempionlar liqasının finalı da keçirilə bilər.

R.Pires “Qarabağ”ın Avroliqanın növbəti turunda “Arsenal”la keçirəcəyi görüş barəsində də danışıb:

“Hazırda “Qarabağ” üçün əsas öyrənmək, təcrübə qazanmaq vacibdir. Onların “Çelsi” və “Arsenal”la oyunlarında gördük ki,  burada futbolu necə sevirlər. Əgər  “Arsenal” oyuna gənc oyunçularla çıxsa, “Qarabağ”ın işi nisbətən asan olacaq. Təbii ki, bu baş məşqçinin verəcəyi qərardır.   İnanıram ki, “Qarabağ” “Arsenal”la oyundan da çox şey öyrənəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43