Kateqoriyasız

“Qarabağ”ı niyə də üstələməyək?” – Vüqar Nadirov

“Ardıcıl ikinci il qrup mərhələsində oynamaq əla olardı. Bilirəm ki, qrup mərhələsinin ab-havası necədir, qol vuranda hansı hissləri keçirirsən. İnanın, bu, çox maraqlıdır. Ümid edirəm, “Qəbələ” qrupdan çıxacaq və mən “pley-off”da oynamaq şansı qazanacağam”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin yeni transferi Vüqar Nadirov “Qəbələ İK” qəzetinə açıqlamasında deyib.

Hələliksə Nadirov “Qəbələ”nin əsas komandasında debüt edəcəyi anı gözləyir. O, bunun üçün yaxşı forma yığmağın vacib olduğunu bildirib: 
“Yığmanın üzvü olduğumdan, oynamaq mənim üçün çox önəmlidir. Millimizin baş məşqçisi Robert Prosineçki də iddialı klubda çıxış etməyimizi istəyirdi. Yəqin ki, “Qəbələ” variantı onun üçün də xoş oldu. Əslində, “Qəbələ” hələ təsnifat mərhələsində çıxış edərkən, məni istəyirdi. Ancaq həmin vaxt bəzi səbəblərə görə “Xəzər Lənkəran”ı tərk edə bilmədim. Qarşılıqlı razılığa əsasən, “Qəbələ” ilə 6 aylıq müqavilə bağladıq”.
28 yaşlı hücumçu yeni baş məşqçisi Roman Qriqorçukla işbirliyindən də danışıb. Vüqar zəngin futbolçu təcrübəsinə əsaslanaraq, tez bir zamanda formaya düşəcəyinə inanır: “Oyun praktikası sıradan korluq çəkirəm. Ancaq məndə illərin təcrübəsi toplanıb. Templə çalışıb, əvvəlki formamı qaytaracağam. Qriqorçuk çox tələbkar mütəxəssisdir. Mən də məşqlərdə onun tələblərini yerinə yetirməyə çalışıram. Onun mənə hələ ki əsas heyətdə yer verməməsini normal qəbul edirəm. Öncə “18-liy”ə düşüb, sonra əsas heyətdə yer almağı düşünürəm. Həm yarımmüdafiənin cinahlarında, həm də hücumun mərkəzində oynaya bilirəm. Məşqlərdən hiss edirəm ki, Qriqorçuk məni sağ cinah yarımmüdafiəçisi mövqeyində görür”.
Vüqar “Qəbələ”nin Premyer Liqanın qalibi olmaq uğrunda mübarizədə son 2 mövsümün çempionu “Qarabağ”ı üstələyəcəyinə inanır: “Niyə də olmasın? İkisi də bərabər səviyyəli komandadır. Hesab edirəm ki, “Qarabağ”la matçlarımız çox maraqlı və prinsipial olacaq. “Qəbələ” Avropa Liqasındakı çıxışıyla göstərir ki, çempion olmağa layiqdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43