İdman

“Qarabağ”ın futbolçusu daşlanır, azarkeşlərlə əlaqələndirici niyə stadionda deyil?

Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən “Kəpəz” – “Qarabağ” matçının gedişində gəncəli azarkeşlər meydançaya əşya atıblar.

İdmanxeber.com-un məlumatına görə, tərəfdarlardan birinin meydançaya atdığı daş parçası isə “Qarabağ”ın əcnəbi futbolçusu Donald Geryenin başına tuş gəlib. Gəncədə belə hallarla tez-tez rast gəlmədiyimizi söyləyə bilərik. Ən azı, “sarı-göylər”in azarkeşlərlə əlaqələndiricisi Elmar Əliyevin yaratdığı nizam-intizama əsasən bunu söyləmək olar. Bununla belə, qarşılaşmanın gedişində klubun təhlükəsizlik xidmətinin rəisi vəzifəsini də icra edən Elmar Əliyevi stadionda görə bilmədik. Son günlər Gəncə klubunda ardıcıl gələn istefalardan sonra, onun da postunu tərk etdiyini düşünsək də, məsələ başqa cür oldu. Sən demə, Əliyev AFFA tərəfindən keçirilən beynəlxalq seminara dəvət aldığından “Kəpəz” – “Qarabağ” matçında iştirak edə bilməyib. Oyundan bir gün sonra (bu gün) meydançaya yad əşya atılması məsələsi ilə əlaqədar redaksiyamıza zəng edən “Kəpəz”in nümayəndəsi bunları deydi:

Mən özüm Bakıdayam. Hazırda təhlükəsizlik məsələləri ilə bağlı seminarda kurs keçirəm. Ürəyim Gəncədə azarkeşlərlə, “Kəpəz”lə döyünürdü. Xəbəri Gəncəyə oyunu işıqlandırmaq üçün yollanan jurnalistlərdən aldım. Belə halları çox təəssüf hissi ilə qarşılayıram. Siz bilirsiniz ki, biz dəfələrlə fan klublarla görüşmüşük. Hər dəfə azarkeşlərlə görüşümüzdə onları sakit olmağa çağırmışıq. Sağolsunlar, onlar da sözümüzü yerə salmayıblar. Mən özüm orda olanda da, hər oyundan əvvəl fanatlarımıza bildirirəm ki, ən güclü fanat ordusu bizik. Öz mədəniyyətimizlə, əxlaqımızla rəqib komandaya və onların azarkeşlərinə örnək olaq. Ancaq indi öz aramızdı, bu “Kəpəz” azarkeşləridi. 50 deyil, 100 deyil. 10 000, 15 000 azarkeş gəlir bir də görürsən. Onların hamısına ayrıca necə nəzarət etmək olar? Düzdü, dünənki oyunda 15 000 tərəfdar olmasa da, 8000-9000 insan olub. Arzu edək ki, orada ciddi problem olmayıb və gələcəkdə bu kimi hal təkrarlanmayacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43