Ölkə futbolu

“Qarşımıza məqsəd qoymuşuq ki…”

Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən “Qəbələ” ikinci yoxlama oyununda “Eskişehirspor”la (1:3) qarşılaşıb. Superliqa təmsilçisi ilə görüşdən sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk hazırlıq prosesi və yoxlama oyunu haqda fikirlərini bölüşüb. Sizləri ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Komandanı mövsümün ikinci yarısına tam hazır vəziyyətə gətirmək üzərində çalışırıq. Türkiyə təmsilçisi “Eskişehirspor”la keçirdiyimiz yoxlama oyunu isə bizim üçün böyük məşq idi. Bu məşq də bizim üçün yaxşı və uğurlu alındı. Biz komanda haqda lazım olan məlumatı əldə etdik. Bütün bunlar gələcəkdə daha yaxşı vəziyyətdə olmağımız üçün faydalı olacaq. Hazırda biz ilk növbədə öz komandamızın işləri ilə maraqlanırıq. Başa düşürük ki, hələ çox işimiz var. Qarşımıza məqsəd qoymuşuq ki, daha yaxşı, düzgün, savadlı, həm də effektli və azarkeşlər üçün maraqlı futbol nümayiş etdirək”.

Baş məşqçi Azərbaycan milli komandasının məşqçilərinin matçları izləməsi, Azərbaycan klublarının, o cümlədən “Qəbələ”nin Antalyada keçirdiyi yoxlama oyunları və heyətin gücləndirilməsi haqda da danışıb:

“Bunun adi hal olduğunu düşünürəm. Milli məşqçiləri ilə bununla bağlı söhbətimiz də olub. Mənə elə gəlir ki, ən böyük köməyimiz futbolçuları hazırlamaqdır. Belə olanda futbolçular həm klub, həm də yığmaya faydalı olacaq. Təbii ki, heyət güclənməlidir. Bunun üzərində də çalışırıq. Amma konkret hansı mövqelərin güclənməsi haqda danışmaq istəmirəm. Bizə lazım olan xüsusisyyətlərə malik oyunçu transfer etməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43