Ölkə futbolu

“Qəbələ”dən 8 oyunda 6 qələbə

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib. AFFA-nın müxtəlif yaş qrupları üzrə təşkil etdiyi liqalarda 8 “Qəbələ” komandası  6 qələbə qazanıb, 1 heç-heçə edib və 1 matçda uduzub.

İdmanxeber.com-un məlumatına görə, U-19 komanda “Simurq”la səfər oyununda 0:1 hesabı ilə uduzub. 9 oyunda 2-ci yenilgisini alan “Qəbələ” 19 xalla 2-ci pillədə qərarlaşıb. “Qırmızı-qaralar” növbəti turda “Əlincə”ni qəbul edəcək.

Ardıcıl 7 qələbədən sonra ilk dəfə xal itirən U-17 “Neftçi” ilə səfər matçında heç-heçə edib – 1:1. 8 oyunda topladığı 22 xalla liderlik edən “qırmızı-qaralar” növbəti turda “Bakı”nı qəbul edəcək. Komandanın üzvü Rövlan Muradov isə 11 qolla bombardirlər siyahısına başçılıq edir.

U-16 öz meydanında “Simurq”u 4:0 hesabı ilə məğlub edib. 9 matçda 22 xal əldə edən “Qəbələ” 2-ci pillədə qərarlaşıb. Komanda növbəti turda səfərdə “MKT-Araz”la görüşəcək.

U-15 öz meydanında “Vətən” üzərində böyükhesablı qələbə qazanıb – 4:0. 9 oyundan sonra hesabında 20 xal olan “qırmızı-qaralar” “Fortuna” ilə səfər matçı öncəsi 2-ci yerdə qərarlaşıb. 11 qol vuran Kamran Quliyev bombardirlər yarışının liderləri arasındadır.

Paytaxt zonasında çıxış edən U-14 səfərdə “Rəvan”ı iki cavabsız qolla məğlub edib. 9 turdan sonra 22 xalla ikinci olan “Qəbələ” qarşıdakı oyununda “Bakı kəndləri” ilə görüşəcək.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-13 Yevlaxın UGİM-ini 12:0 hesabı ilə məğlub edib. 21 xalla I dövrəni 2-ci yerdə tamamlayan “Qəbələ” zona yarışlarının ikinci yarısına da Yevlax təmsilçisi ilə matçla başlayacaq. Qeyd edək ki, akademiyamızın yetirməsi Veysəl Rzayev 14 qolla I dövrədə zonanın bombardiri olub. Komanda yoldaşı Nihad Bağırov isə ondan 1 top geri qalıb.

U-12 komandası “Daşqın” üzərində çətin qələbə qazanıb – 3:2. 8 matçda 20 xal toplayan “Qəbələ” zirvədə yer alıb. 15 qol vuran Taleh Qarayev isə zonanın ən məhsuldar oyunçusudur.

U-11 ilk dövrəni 17:0 hesablı qələbə ilə başa vurub. “Rabitəçi” üzərindəki bu qələbədən sonra 8 matçda topladığı xalların sayını 21-ə çatdıran “qırmızı-qaralar” 2-ci pillədə yer alıb. 15 qol vuran Fuad Əhmədov isə zonanın bombardiri adına şərikdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43