Ölkə futbolu

“Qəbələ”nin futbolçusu: “…təcrübəsizəm”

“Qəbələ” Futbol Akademiyasının yetirməsi, komandamnın Antalya düşərgəsindəki ən gənc futbolçu Qismət Alıyev təəssüratlarını gabalafc.az-la bölüşüb. İlk dəfə əsas komanda ilə ölkə xaricinə səfər edən 18 yaşlı yarımmüdafiəçi bu toplanışın onun üçün həm böyük təcrübə, həm də gözəl şans olduğunu söyləyib:

“Premyer Liqanın ikinci dövrəsinin son oyunundan – “İnter”lə qarşılaşmadan öncə əsas komandanın heyətinə qatıldım. Ona qədər əvəzedici komandanın uğurları üçün tər tökürdüm. Bu mənim üçün çox sevindirici hal oldu. Hazırda əsas komandanın Antalya toplanışında mövsümün ikinci yarısına hazırlaşırıq. Üzərimə düşən məsuliyyəti yaxşı başa düşürəm. Bu həm böyük təcrübə, həm də gələcəyim üçün gözəl şansdır. Özümü yaxşı tərəfdən göstərməyə, mənə verilən bu şansdan yararlanmağa çalışıram”.

Alıyev məşqçilər heyətinin və təcrübəli futbolçuların ona dəstək olduğunu, bu halın onu daha da həvəsləndirdiyini söyləyib:

“Öz gücümə və bacarığıma güvənirəm. Amma gənc və təcrübəsizəm və bu mərhələdə hansısa səhvlər qaçılmazdır. Bütün futbolçular karyeralarında sözügedən etapı keçiblər. Təbii ki, bu mərhələni uğurla adlamaqda kollektiv də böyük rol oynayır. Məşqçilər korpusu və təcrübəli futbolçular həm meydançada, həm də meydançadan kənarda heyətimizdəki gənc futbolçulara dəstək olurlar. Bizlərə peşəkar futbolçu kimi yetişməkdə yardım edirlər. İnanıram ki, bu toplanışdan lazımınca yararlanmağı bacaracağam və mənə olan inamı doğruldacağam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43