Ölkə futbolu

Qriqorçuk: “Futbolçularım oyunun məsuliyyətini dərk edirlər”

“İstərdik ki, sabah 5:0 hesablı qələbə qazanaq. Amma MTK kimi rəqiblə görüşdə bunu reallaşdırmaq çox çətindi”. 

İdmanxeber.com-un apa-ya istinadən verdiyi məlumata görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “qırmızı-qaralar” sabah Macarıstanın MTK klubunu qəbul edəcəklər. Matçdan öncə mətbuat konfransı keçirən Qriqorçuk bunları deyib: “Başa düşürük ki, qələbə qazanmaq üçün çox güclü oynamalıyıq. İlk görüşdən sonra rəqibi daha yaxşı tanıyırıq. Səfərdəki səhvləri buraxmamalıyıq. Öz oyun tərzimizdə çıxış edəcəyik. Hücum edib, eyni formada çıxış etməyə çalışacağıq. Yenə yüksək oyun nümayiş etdirməliyik”.

 

– Komandanın motivasiyası ilə bağlı durum nə yerdədi?

– Biz ancaq reallığı danışırıq. Motivasiyaya gəlincə, mən futbolçularla danışıram. Görürəm ki, oyunun məsuliyyətini dərk edirlər, işlərinə ciddi yanaşırlar. Onlar bu rəqiblə qarşılaşıblar və MTK-nın gücünə bələddilər. Bu mənada, düşünmürəm ki, hansısa futbolçumuz cütün taleyinin ilk oyunda həll edildiyini fikirləşsin və rahatlaşsın. Belə bir fikir, ümumiyyətlə, komandada yoxdu.

 

– “Qəbələ”dən rəsmən göndərilən Aleksey Antonovun yerinə futbolçu gətiriləcəkmi?

– Biz başa düşürük ki, daha bir addım atmalıyıq. Hücumçu götürməliyik və bunu tez bir zamanda etməliyik. Bizə komandanı gücləndirəcək, verəcəyimiz tapşırıqları yerinə yetirə biləcək futbolçu lazımdı. Belə bir oyunçunu tapmaq isə çox çətindi. Nədəndisə belə futbolçu tapmaq işi ildən-ilə daha da çətinləşir. Bu barədə düşünürük.

 

– Bu mərhələni adlayacağınız halda, “Böyük beşlik” təmsilçisi olan “Lill”lə qarşılaşacaqsız. Bu barədə nə düşünürsüz?

– Bu gün “Lill” haqda danışmayacağam. İndi yalnız sabahkı matçla bağlı düşünürəm. Yenə deyirəm ki, sabah bizi çətin oyun gözləyir və hələ məsələ həll edilməyib.

 

– Bu mərhələni keçməmiş növbəti mərhələ barədə danışmaq komandaya nə dərəcədə təsir göstərə bilər?

– Düşünürəm ki, oyunçularım sabahkı matçı düşünürlər. Onların reaksiyasına gəlincə, hər bir futbolçu çox sevinər ki, “Lill” kimi böyük komandaya qarşı oynasın. Bəxtimiz xeyli gətirib ki, belə bir rəqibə qarşı oynayacağıq. Böyük hadisədi. Bu, futbolçular üçün sabahkı oyunöncəsi motivasiyadı. Çünki bu rəqibi keçsələr, növbəti mərhələdə böyük komandaya qarşı oynayacaqlar.

 

– Macarıstanla keçirilən matçda komandanızın sərgilədiyi oyuna rəhbərliyin reaksiyası necə oldu?

– Rəhbərliyin yerinə cavab verə bilmərəm. Mən komandanın bu periodda gördüyü işdən çox razıyam. Bu oyunlardan öncəki hazırlıq zamanı öyrənmək qabiliyyəti hər kəsdə var idi. Bu da inkişafdan xəbər verir. Komanda bacardığını göstərdi. Hələ ki, ideal oyun sərgiləmirik, amma düz yoldayıq.

 

– İlk oyunla müqayisədə heyətdə dəyişiklik edəcəksizmi?

– Heyət ilk oyundakına çox yaxın olacaq. Amma məhz həmin heyətə şans verəcəyimi deyə bilərəm. Bu barədə hələ tam qərar verməmişəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43