Müsahibə

Qurban Qurbanov: “Əgər Armenteros məndən özünə qarşı az da olsa hörmətsizlik görübsə…”

Azərbaycan Premyer Liqasının 15-ci turunda “Qarabağ” “Neftçi”ni qəbul edib.  – 1:1.

İdmanxeber.com-un məlumatına görə, oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

– “Neftçi”yə uğurlar arzulayıram. Çox yaxşı kolektiv qurublar. Çətin oyun oldu, amma həm də maraqlı idi. “Neftçi”nin bir neçə oyununu izlədik. Yaxşı oynayırlar. Futbolçulara gəlincə, nöqsanlar oldu, amma buna görə onları qınamıram. Hesabımıza daha bir xal əlavə etdik. Qarşıdakı oyunlarda daha yaxşı hazırlaşmalıyıq.

– Məlumata görə, Riçarda da Türkiyədən təklif gəlib. Bu, doğrudurmu?

– Xeyr.

– Qarabağın sonuncu dəfə çempionatda belə pressinqlə üz-üzə gəlməsini xatırlayırsınızmı?

– Bir neçə komandanı çıxmaq şərti ilə çox vaxt belə pressinqlə qarşılaşmamışdıq. Belə oyun futbolçularımızın da xeyrinədir. Amma elə də çətinlik olmur. Çünki Avroliqada da belə oyunlarımızolur. Get-gedə digər komandalar da bu üsuldan istifadə edir və pressinq etməyə çalışır.

– “Qəbələ” ilə oyunun nəticəsi bu oyuna təsir etdimi.

– Sözün açığı, etdi. Az da olsa futbolçular, hətta mən də bu barədə düşünmüşdüm.

– Namiq Əlsəgərov sizə qarşı oynasaydı daha çətin olardı? Bu centlmen anlaşma nə ilə bağlıdı?

– Centlemenliyi Elxan Abdullayev və rəhbərlik elədi. Bizim müqaviləmizdə elə bir bənd yoxdu ki, Namiq bizə qarşı oynaya bilməz. Rəhbərliyimiz qeyd etdi ki, heç olmasa bizə qarşı oynamasın. Onların da öz prinsipi var. Təmənnasız oyunçunu verib və oynamamasını xahiş edib. Bizim müqaviləmizdə elə bir maddə yox idi ki, Namiq bizə qarşı oynamasın. Bu, Elxan Abdullayev və rəhbərlik arasında olan söhbətdir.

– Armenteros açıqlama vermişdiki Qurban Qurbanovun mənim gedişim haqqında dediyi “ağ yalandır”…

– Alicənablıq göstərmək lazımdı. Mən futbolçunu komandada görmək istəmirəmsə, bunu açıq deməyim doğru olmaz. Bu, ona təsir edə bilər. Biz oyunçularımızı hörmətli şəkildə yola salmağa çalışırıq. Sadəcə, oyunçulara deyirik ki, sənin oynamaq şansın çoxdu və ya azdı. “Ağ yalan” kimi qeyd etmişdilər. Yalanın bilmirəm, ağı və ya qarası olurmu? Əgər Armenteros məndən özünə qarşı az da olsa hörmətsizlik görübsə, nə deyim?

– Almeydanın olmaması oyuna təsir etdimi?

– Əvvəllər də Almeydasız oynamışıq və qalib gəlmişik. Əsas heyət oyunçusunu itirmək heç bir halda xoş deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43