Müsahibə

Rahid Əmirquliyev: “Əgər “Qarabağ” variantı alınsa…” (MÜSAHİBƏ)

“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev Premyer Liqanın XVIII turunda “İnter”ə 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə müsahibə verib. 

– Mətbuatda artıq “Qarabağ”la müqavilə imzalamağınla bağlı xəbərlər yayılır.

– Mən də bu xəbəri mətbuatdan oxumuşam. Amma hələ heç nə rəsmiləşməyib. Sadəcə danışıqlar olub.

– Razılıq əldə olunub?

– Razılaşmaqla rəsmi müqavilə imzalamaq ayrı-ayrı şeylərdir. Biz rəsmi müqavilə imzalamamışıq.

– Amma çox ehtimal ki, yeni klubun “Qarabağ” olacaq.

– Ola bilər. Amma başqa variantlar da var. Sabah bütün suallar cavabını tapacaq.

– Sənin çıxış etdiyin mövqedə “Qarabağ”ın 4 futbolçusu var. Belə olan halda sənin üçün “Qarabağ”a keçməyin daha vacib idi, yoxsa rahat şəkildə əsas heyətinə düşə biləcəyin “Qəbələ”yə?

– “Qarabağ”da yaxşı futbolçular yer alıb. Orda əsas heyətə düşmək üçün güclü rəqabət var. Əgər “Qarabağ” variantı alınsa, çalışacam özümü sübut edim və əsas heyətə düşə bilim.

– Anlaşmanın müddəti iki il yarım olacaq?

– Sabah bilinəcək. Çünki dekabrın 30-a qədər “Xəzər Lənkəran”ın futbolçusu hesab edilirəm.

– Bir ara Xorvatiyanın “Rijeka” klubu ilə də adın hallanırdı. Bu klubdan rəsmi təklif almışdın?

– Təklif almışdım. Amma heç bir klubla danışıq aparmadım. Çünki üstünlüyü Azərbaycanda qalmağa verdim.

– Xaricə getməməyinin səbəbi nə idi? Bu günə qədər heç bir futbolçumuzun əcnəbi klublarda özünü doğrulda bilməməsi səni qorxutdu?

– Xaricə getməməyim ailə məsələləri ilə bağlıdır. Çünki bəzi problemlərim var.

– Gəmini sonuncu tərk edən kapitan olur. Bu gün kapitanın ayrılmaq haqda qərar verməyi gəminin batmasına işarədir?

– Mənə də ağır gəlir. “Xəzər Lənkəran”nı bu vəziyyətdə qoyub getmək istəməzdim. Amma belə alındı. Məcbur getməliyəm. Başqa variant yoxdur.

– Qış fasiləsi zamanı transferlərin olacağı bildirilirdi. Sənin gedişin bu deyilənlərin boş vəd olduğu anlamına gəlmir?

– Bu suala rəhbərlik cavab versə, daha yaxşı olar. Amma Lənkəran azarkeşləri bu cür vəziyyətə layiq deyil. Komanda yarandığı gündən çempionluq uğrunda yarışıb. Bu cür çıxış etməkdənsə, oynamamaq daha yaxşı olardı.

– Amma azarkeşlərin səni Lənkarandan qəhrəman kimi yola salır.

– Hər zaman çalışmışam ki, geyindiyim formanın haqqını verim. Azarkeşlərimizə təşəkkür edirəm ki, məni dəstəkləyirlər. Yaxşı günümüzdə olduğu kimi, çətin anlarımızda da bizi yalnız buraxmadılar. Nəsə demək çətindir…

– Tək azarkeşlər yox, idman mətbuatımız da bu il səni dəstəklədi və ilin ən yaxşı futbolçusu seçdilər.

– Səs verənlərə təşəkkür edirəm. Çalışacam, daim belə davam edim və hər zaman xoş sözlər eşidim.

– Amma mükafatını almağa gəlməmişdin.

– Mənə 2 gün qalmış məlumat verdilər. Ona görə gəlməyim heç cürə mümkün olmadı. Üzrlü hesab edin.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43