Kateqoriyasız

Ramin Musayev: “Yaxşı mənada seçilən hakim olmadı, hansını tərifləyim yalandan?” (MÜSAHİBƏ – BİRİNCİ HİSSƏ)

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin idmanxeber.com, korner.az və sportlife.az saytlarına müsahibəsi.

– Ramin müəllim, əvvəlcə hakimlərin toplanışını dəyərləndirək. Yəqin ki, hazırlıqlarını izləmisiz…

– Cəmi 3 gündür ki, burdayam. Birinci gün gələndə gördüm ki, yağışlı havada hamısı suyun içində məşqdən qayıdır. Bu bizdə birinci il deyil. Artıq neçənci ildir ki, bu cür toplanışlar keçiririk. Eyni tapşırıqlar, eyni hazırlıqlar keçirilir. Özünüz də görürsüz ki, onlar bura dincəlməyə gəlməyiblər. Çalışacağıq ki, qarşıdakı oyunlarda az sayda səhvlər olsun və heç bir komandanın haqqı tapdalanmasın.

– Klublarımızın oyunlarını necə, izləmisiz?

– "Xəzər Lənkəran" , "Qəbələ" , "Neftçi" klublarının oyunlarını izləməmişəm. Məlumatım var ki, "Neftçi" ilə "Qəbələ" yaxşı oynayıb, jurnalistlər "Xəzər Lənkəran"ın məşqində olublar və dedilər ki, yaxşı məşq prosesi keçib. Amma özüm bu 3 komandanın oyununda olmamışam deyə konkret bir söz deyə bilmərəm. "Qarabağ"ın oyununu ("Split"ə qarşı keçirilən oyunu nəzərdə tutur) bəyənmədim. Ona görə yox ki, uduzdular, sadəcə oyunları xoşuma gəlmədi. "Simurq"un oyununu da heç bəyənmədim. "İnter"in oyunu xoşuma gəldi, kollektiv oyun göstərdilər. U-17-nin oyunu izlədim və çox bəyəndim – həm oyunlarını, həm meydandakı davranışlarını. Kollektivin bu gənc, çılğın yaşlarında belə mehriban olmaları ürəyimi açdı.

– Hakimlər buraya tam heyətlə gəlmədilər. Yəqin ki, gəlmədilər deyəndə nəyə işarə vurduğumu başa düşdüz?

– Yox, başa düşmədim.

– Söhbət Anar Salmanovdan gedir. Onun FİFA hakimliyindən geri çağırılması kuliminasiya nöqtəsidi. Premyer Liqada, bəlkə də, 2 ilə yaxındı təyinat almırdı. Azərbaycanda belə bir perspektivli hakimin bu vəziyyətə salınması PFL başqanı kimi sizi narahat etmirmi?

– Niyə getdi?

– Onu soruşacam sizdən.

– Mən sənə sual verirəm, niyə getdi?

– Əgər bunu onun özü də bilmirsə, mən hardan bilim?

– Bəs mən hardan bilim? Çağırım Xaqani müəllimi, ondan soruş.

– Hər halda, sizin rəhbərlik etdiyiniz qurumun sifarişi əsasında hakimlərlə müqavilə bağlanılır. Hakimlər Komitəsi ilə iş birliyiniz bu formatdadır. Siz də maraqlı olmalısız ki, oyunlarınızı təcrübəli hakimlər idarə etsin.

– Biz demirik ki, bizim oyuna ya Salehi göndər, ya Rasimi. Bizim müqaviləmizdə qeyd olunub ki, PFL-in bir hakim haqqında hər hansı məlumatı olarsa, həmin hakimi həmin oyundan kənarlaşdırmağa ixtiyarı var. Bu bizim müqavilədə var, göstərə də bilərəm. Siyahı tutulur, göndərilir. Yazılır ki, bu oyuna bu hakim, bu oyunda isə bu hakim təyin olunub. Baxıram, əgər bir fikrim varsa, söyləyirəm Xaqani müəllimə, qəbul edirsə dəyişir, etmirsə dəyişmir. Orada mən deyə bilmərəm ki, hanı burada Anar, hanı bu siyahıda Elçin, yaxud hanı Elnur.

– Mövsümün əvvəlində sizə belə bir siyahı təqdim olunmur ki, biz mövsümü bu hakimlərlə başlayıb, bu hakimlərlə bitirəcəyik?

– Yox, sadəcə özüm maraqlanıram ki, hansı hakim imtahan verdi, hansı hakimin fiziki durumu yaxşıdı. Çünki hakim meydançada oyunçudan çox qaçmalıdı. Onların fiziki durumu çempionatı keçirən qurum rəhbəri kimi məni narahat etdiyinə görə soruşuram ki, hansı hakim imtahan verib, hansı verməyib.

– Təkcə fiziki hazırlıq?

– Əlbəttə, yox.

– Çünki təkcə fiziki hazırlıq tələb etsəz, hakim yox, atlet olarlar.

– Ay sağ ol. Birinci fiziki, sonra psixoloji və metodoloji. Eşitmişəm ki, Anar Salmanov imtaha gəlməyib və bunun səbəbi zədəli olmasıdı. Keç o biri suala.

– Zədəli hakim üçün sonradan şərait yaradılmır ki, ikinci dəfə imtahan versin?

– İkinci dəfə də gəlməmişdi. Tam məlumatım var ki, ikinci imtahan vaxtı zədəsinin müalicəsi bitməmişdi.

– Ümumiyyətlə, Anar Salmanovdan hakim kimi razı qalmısızmı? Neçə illər bir yerdə işləmisiz..

– Anarın yaxşı idarə etdiyi oyunları görmüşəm. Hətta Anar keçmiş AFFA rəhbərinin vaxtında hakimlikdən kənarlaşdırılanda mən Ramin Musayev "Neftçi" klubunun vitse-prezidenti işləyirdim və onun yenidən hakimliyə qayıtmasının ilk tərəfdarı mən olmuşam.

– Üzüldünüzmü onun adı FİFA referiliyindən çıxarılanda?

– Sözsüz ki, üzüldüm. Çünki mən düşünürdüm ki, Anar ikinci dərəcədən, birinci dərəcəyə qalxa bilər.

– Hələ də onun geri qayıda biləcəyinə və yenidən FİFA hakimləri sırasında düşəcəyinə inanırsızmı, ümid edirsizmi?

– Həyatda hər şey ola bilər. Niyə də olmasın.

– İstəyirsiz yəni?

– Niyə istəməyim ki? Anar mənə düşmən deyil, xətrini istədiyim insandı. Düzdü o, rus sektorunu bitirdiyinə görə, danışığında bəzi qrammatik səhvlərə yol verir, amma xətrini istəyirəm.

– Sizə qarşı danışığında hansısa səhvə yol verib?

– Mənə qarşı yox, ümumiyyətlə.

– Məsələn?

– Məsələn… "Çörək" istəyirsən? (gülüşürük)

– Məqsəd budu zatən.

– "Çörək" istəyirsənsə, keç növbəti suala (gülür)

– 13-cü tur yadınızdadı yəqin ki?

– 13 yox, 12-ci tur.

– Dəqiqləşdirmə üçün təşəkkür. Yadınızdadı həmin turdakı biabırçılıqlar?

– Bəli.

– Nə baş verdi ki, o turdan sonra hakim səhvləri azaldı?

– Doğrudan da, 12-ci tur bu çempionatın ən yadda qalan turu oldu. Və yaxşı ki, o tur oldu. Həmişə deyirdim ki, hakimlərə dərs keçirilməlidi. Həmin turdan sonra Hakimlər Komitəsinin rəhbərliyindən tələb etdim ki, hər turdan sonra bütün oyunlar müzakirə olunsun.

– Sizin iştirakınızla müzakirə olunsun, yoxsa..?

– Xeyr, özləri.

– Belə çıxır ki, müzakirə olunmurdu siz deyənədək?

– Müzakirə olunurdu, mən dərsdən danışdım. Dərs keçirilməli idi və tələb etdim ki, hər bir hakimin səhvi göstərilsin, müzakirəyə qoyulsun. Dərs elədir ki, istər-istəməz həmin anı başqa bir hakim də yaşayır. Çünki Xaqani müəllimin elə bir izahetmə qabiliyyəti var ki, onu o gənc hakimlər səhv buraxan hakimin yerində hiss edir və inanıram ki, o səhv bir daha təkrar olunmur. Tələb etdik, özləri də razılaşdılar, dərslər keçirilir. Hər həftə dərslər keçirilir, bu gün də davam edir. İndiyə kimi əvəzedici heyətdə oyun idarə edən hakimlər üçün əlavə təlim-məşq toplanışları keçirilmirdi. Sağ olsun AFFA rəhbərliyi, bunu da təmin etdi. Artıq Bakıda da gənc hakimlərə dərslər keçirilir və çalışırıq ki, kiminsə haqqı yeyilməsin.

– Ramin müəllim, birinci yarımdövrəni xatırlayın və zəhmət olmasa, ən yaxşı və ən pis hakimin adlarını sadalayın..

– Yaxşı mənada seçilən hakim yoxdu hələ.

– Bəs ən pis?

– Hamısı eyni səviyyədədi.

– Cavab səmimi olmadı..

– Hansının səhvi olmadı? Hamısı cəzalanıb.

– Bəli, cəzalanıblar və şablon ifadənizlə desək, səhvsiz insan, hakim yoxdur…

– Mən şablonla danışdım? Mən şablonla danışan oğlan deyiləm. 3-4 hakimimiz var. Hansını tərifləyim yalandan? Pis hakim olsaydı, aramızda olmazdı. Ən yaxşı hakimin adını da deyə bilmirəm, hamısının səhvi olub.

– Təxminən keçən il elə bu vaxtlar "Topaz"ın tədbirində demişdiz ki, Premyer Liqa oyunlarına göndərməyə hakim tapmıram. Sözünüzdən belə çıxır ki, vəziyyət dəyişməyib…

– Yox, indi elə deyil. O dövrdə zədəli hakimimiz var idi, bəziləri də gəncdi. Bu gün Orxan Məmmədovumuz var, Ömər Paşayev var, hansı ki bəziləri onu pisləyir. Artıq oyun sayları, vaxt öz sözünü deyir. Gənc hakimlərin səhvləri olur, bəs bunlar harda səhv etməlidi?

– Mən hakim kimi qəbul etmirəm – Orxanı da, Öməri də… Hələ Premyer Liqa oyunlarını idarə etməyə hazır deyillər mənim nəzərimdə.

– Bəs Fariz Yusifovun buraxdığı səhvlər?

– Onu da pisləyirəm və yaraşdırmıram Fariz Yusifov kimi təcrübəli hakimə.

– Bəs Əliyar Ağayevin buraxdığı səhvlər?

– Onu da pisləyirəm.

– Bəs Rəhim Həsənov?

– Onu, ümumiyyətlə, bəyənmirəm.

– Kimi deyim daha? Xaqani Məmmədovu? Hamını pislədin. Bəs hansını bəyənirsən?

– 3-5 hakim var güvəniləcək.

– Kimlərdi də?

– Təcrbəlilər bir yana, gənclərdən Əliyar Ağayev, məsələn. Onun səhvlərini pisləyirəm, hakim kimi qəbul etmirəm demədim. Rəhim Həsənovu, Orxan Məmmədovu, Ömər Paşayevi Premyer Liqalıq hakim kimi qəbul etmirəm. Orxan yaxşı laysman idi, dəfələrlə demişəm. Laysmanların baş hakimliyə iddia etməsi, gimnastikadan yazan idman yazarının gəlib futboldan yazmasına bənzəyir…

– O əsgər əsgər deyil ki, general olmaq istəməsin. O hakim üçün çətin olar ki, yan hakimlikdən futbola başlasın. Bir hakim futboldan gəlibsə bunun xeyri var, ziyanı yoxdu. Sizin hakimlərlə bağlı fikirləriniz yanlışdı.

– Ola bilər. Bu da sizin fikrinizdi və mənə görə yanlışdı…

Ramin müəllim, Klublar Komitəsi deyilən bir qurum yaradıldı. Bu qurum yaradılanda demişdiz ki, Əsasnamə ilə hələ tanış olmamışam, tanış olduqdan sonra PFL-in işinə nə qədər müsbət və yaxud mənfi təsirlərinin ola biləcəyi danışa bilərəm. Əsasnamə ilə tanış olmusuzmu? Əslində, Əsasnamə deməyə dili də gəlmir adamın. Bir A4 səhifəsi həcmində konsepsiya deyək…

– Əsasnaməni oxudum və orada PFL-in əleyhinə, PFL-ə ziyan verə biləcək heç bir sətir görmədim.

– Müsbət nə verə bilər?

– Müsbət tərəfi odur ki, indiyədək məsələni müzakirəyə qoyanda tək olurdum, amma bu gün Klublar Komitəsi də PFL-ə yardımçı kimi kömək göstərə bilər.

– Məsələn, nə kimi kömək edə bilərlər?

– Məsələn, milli komandamızın yeni baş məşqçisi, Məşqçilər Komitəsinin üzvləri ilə görüşümüz olub və belə qərara gəlmişik ki, limitlə bağlı məsələyə yenidən baxılması müzakirəyə qoyulsun.

– Limiti tamamilə qaldırmaq fikriniz var, yoxsa?

– Tamamilə qaldırmaq yox, azaltmaq. (ardı var)

Səxavət Qurbanov 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43