Ölkə futbolu

“Rəqib məğlubiyyəti həzm edə bilmir”

Azərbaycan kubokunun 1/8 finalında “Qaradağ Lökbatan”la qarşılaşan “Rəvan” rəqibini 5-2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəldi.

Adil Mahmudov, “Qaradağ Lökbatan”ın baş məşqçisi: “İlk öncə “Rəvan” rəhbərliyinə görüşü “Bayıl Arena”da yüksək səviyyədə təşkil etdiklərinə, komandamız üçün hər cür şərait yaratdıqlarına görə təşəkkür edirəm. Oyun gərgin mübarizə şəraitində keçdi. Rəqib daha istəkli və əzmkar olduğundan qalib gəldi. 2 ildir 1/8 finalda dayanırıq. Keçən il “ Qəbələ”yə, bu il isə “Rəvan”a yenildik. “Rəvan”a növbəti oyunlarda uğurlar arzulayıram. O gün olsun ki, kubokun finalında iştirak etsinlər və Avroliqada Azərbaycanı təmsil etsinlər. Hakimlik barədə danışmaq istəmirəm. Hesab 1-2 olarkən Novruz Ələkbərov təkbətək epizoddan faydalana bilmədi. Bu, oyunun qırılma nöqtəsi oldu. Üzərimizdə olan psixoloji təsirdən zaman-zaman emosiyalarıma hakim ola bilmirdim”.

Şahin Diniyev, “Rəvan”ın baş məşqçisi: “Oyun maraqlı və gərgin alındı. Rəqibin oturuşmuş heyətə malik və aqressiv futbolçulardan qurulmuş yaxşı komandası var. “Qaradağ Lökbatan” uduzmağı sevməyən, meydanın hər qarışı uğrunda mübarizə aparan komandadır. 10 nəfərlə qaldıqdan sonra da bizə müqavimət göstərdilər. Artıq bir neçə ildir ki, bir yerdə çıxış edən oyunçuları var. Bu mənada çətin olacağını bilirdik. Rəqib məğlubiyyəti həzm edə bilmir. Bütün bunlar üzərində çalışmışdıq. Bu gün çox şey ilk qoldan asılı idi. İki dəfə hesabda önə keçməklə psixoloji üstünlüyə də yiyələndik. Bolqollu matç oldu, qapılara 7 qol vuruldu. Futbolun bəzəyi də qoldur. Qarşıda AZAL ilə çətin oyunumuz olduğundan heyətdə bir sıra dəyişikliklər etmişdik. Əsas heyətin bəzi oyunçularına istirahət vermişdim. 3 nəfərin adını ümumiyyətlə, iştirak ərizəsinə salmamışdım. Miloş Adamoviç, Xuan Manuel Varea, Ramazan Abbasov kimi təcrübəli oyunçuları isə ehtiyatda saxlamaqla vəziyyətdən asılı olaraq onları oyuna buraxmağı düşünürdüm. Şükür ki, buna heç ehtiyac olmadı və matç istədiyimiz kimi getdi. 4-cü qol tez gəldiyindən cavanların oynamasına şərait yaratdım. Qələbə qazandığımız üçün şadam”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43