Müsahibə

Riçard Qadze: “Axı mən necə edə bilərəm?”

Sona qədər mübarizə apardıq. Qalib gələ bilərdik. Amma sonda heç-heçə qeydə alındı. Amma bu nəticə bizə çempionat üçün motivasiya verdi. İdmanxeber.com-un məlumatına görə, bu sözləri Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçı – “Zirə” – “Astra” qarşılaşmasından sonra bakılıların futbolçusu Riçard Qadze deyib. Legioner futbolçunun müsahibəsini təqdim edirik.
 
– Oyunda ən xarakterli oyunçu kimi sən görünürdün. Düşünmürsən ki, digər futbolçular da səni kimi olsaydı, qalib gəlmək olardı?
– Biz bir komandayıq. Komanda daxilində fərqli keyfiyyətlərə sahib futbolçular var. Amma mən kimisə nə günahlandıra, nə də ittiham edə bilərəm. Qalib gələndə də, uduzanda da birgə olmalıyıq. Biz bir komandayıq!
 
– “Zirə”də bu gün nə çatmadı?
– Fikrimcə, uğur bizdən uzaq idi. Biz yaxşı mübarizə apardıq.
 
– Oyunun ilk dəqiqələrində vura bilmədiyin qol şansını yəqin ki, bir müddət unutmayacaqsan…
– Top işlək olmayan sol ayağıma düşmüşdü. Mən də məcbur qalıb həmin vəziyyətdə zərbə endirdim.
 
– Həmin epizodda sol ayağını günahlandırmadın?
– Axı mən necə edə bilərəm. Bu, futboldur (gülür).
 
– “Astra”nın vaxtı uzatması sizə necə təsir edirdi?
– Futboldur, təzyiq altında olan rəqibin başqa yolu yox idi. Belə şeylərə hörmətlə yanaşıram. 
 
– Hakimlərin qərarları qərəzli deyildi?
– Hakimlərin bəzi səhvləri oldu. Amma çox epizodlarımız oldu ki, faydalana bilmədik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43