İdman

Robert Prosineçki: “Belə qrupda 10 xal toplamaq asan deyil”

“Bu hesabdan sonra nəsə demək çətindi. Buna baxmayaraq, ilk hissədə yaxşı oynadıq”.

İdmanxeber.com-un  məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

DÇ-2018-in seçmə mərhələsinin son matçında Bundestimin qonağı olan yığmamız 1:5 hesabı ilə məğlub olub və turniri 10 xalla tamamlayıb.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında xorvatiyalı mütəxəssis bunları deyib: “İlk hissədə qol vəziyyətlərimiz oldu. Onlardan 1-ni qolla tamamladıq. İkinci hissədə rəqib keyfiyyətini göstərdi. Hesab 6:3 ola bilərdi. Açıq futbol getdi. Rəqib layiqli qələbə qazandı”.

– Millimizin seçmə mərhələdəki çıxışını necə qiymətləndirərdiniz?
– Ümumilikdə komandadan razı qaldım. Çətin qrupda, güclü rəqiblərə qarşı futbol oynadıq. Nəticə bizi qane etməsə də, yaxşı oynadıq. Şimali İrlandiya ilə matçı nəzərə alsaq, daha çox xal toplamalı idik. Belə qrupda 10 xal toplamaq asan deyil. Bundan da çox ola bilərdi. Komandama yaxşı qiymət verirəm.

– Müqavilə müddətiniz başa çatır. Qərarınızı vermisinizmi?
– Bakıya qayıdırıq. Gələcək barədə bir neçə gündən sonra açıqlama verəcəm.

– Müdafiənin mərkəzində Ruslan Abışovla Bədavi Hüseynov çıxış etdi. Artıq Rəşad Sadıqovun əvəzləyicisi kimi Ruslanı görmək olarmı?
– Gələcəkdə həmin mövqedə bu cütlüyün tez-tez oynayııb-oynamayacağını deyə bilmərəm. Bu mövqedə problem var. Standart vəziyyətlərdən qol buraxırıq. İndiyə qədər bu mövqedə yüksək səviyyədə oynaya bilmirik. Bunun üzərində çalışacağıq.

– Dmitri Nazarovun matça ehtiyatdan başlaması Çexiya ilə Bakıdakı matçda zəif çıxışı idi?
– 3  gün əvvəl Çexiiyaya  qarşı oynadığımız üçün heyətdə dəyişiklik etdim. O mövqedə müdafiəyə meyilli oyunçu oynatmaq istədim. Dmitri müdafiəyə az kömək etdiyi üçün onu ehtiyatda saxlladım. Nazarov yaxşı futbolçudu. Sadəcə, bu gün başqa keyfiyyətli oyunçu lazım idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43