Premyer Liqa

Roman Qriqorçuk: “Bu vəzifənin öhdəsindən gəlməyə çalışacağıq”

“Oyunda hər şey gözlənildiyi kimi oldu. Futbol üçün yararsız meydanda oynadıq. Burada futbol oynamaq mümkün deyil. Müxtəlif primitiv variantlar fikirləşmək lazımdır”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Kəpəz” – “Qəbələ” (1:1) matçından sonra keçirilmiş mətbuat konfransında “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk deyib.

Təcrübəli mütəxəssis oyunçulardan razı qaldığını bildirib:

“Ümumilikdə oyunçularımdan razı qaldım. Onlarla fəxr edirəm. Qalib gələ bilməmələrinin isə obyektiv səbəbləri vardı. Gəncədəki oyunlar AZAL və “İnter”in meydanındakı matçlara bənzəyir. Biz bu meydanlarda da qalib gəlməyə çalışırıq. Amma bizim nümayiş etdirdiyimiz kombinasiyalı oyun belə meydanlarda alınmır. Bizə hansı yollasa qalib gəlmək lazımdır. Meydan amilinin rolu olan bu qarşılaşmalar istisnadır ki, orda “Qəbələ” öz oyununu göstərə bilmir. Bu üzdən üzülmür, futbolçularıma irad bildirmirəm”.

Qriqorçuk hər iki komanda üzvlərinin qırmızı aldığı epizod, həmçinin “qırmızı-qaralar”ın çempionluq imkanları haqda da fikirlərini bildirib: “Futbolçuların qırmızı vərəqə aldığı epizodda nə baş verdiyini görmədim. Nika Kvekveskirinin mənə dediyinə görə, rəqibin təxribatına cavab verməyib. Əgər belədirsə, o, qırmızı almamalı idi. İstəyimizə gəlincə, təbii ki, çempion olmaq istəyirik. Ancaq görürəm ki, bu bizə asan olmayacaq. Hakim səhvləri üzündən çox xallar itirmişik. Amma bu vəziyyətdə də çempionluq üçün mümkün olan hər şeyi edəcəyik. Biz bu istəyimizə çatmaq üçün bacarığımızın hamısını ortaya qoyacağıq. Bizə mane olan məqamlar da var ki, bunlara rəğmən hədəfimizə doğru irəliləyəcəyik. Bu gün 2 xal itirsək də, bu vəzifənin öhdəsindən gəlməyə çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43