Ölkə futbolu

Roman Qriqorçuk: “Cavid özünü çox əməllərdə çılğın aparır”

“Rəqibin sürətli futbolçuları var. Biz də onlardan geri qalmırıq. Öz oyunumuzu göstərə bilsək, rəqibə çətin anlar yaşadacağıq”. İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

“Qırmızı-qaralar” Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında “Panatinaikos”u qəbul edəcək.

Oyundan öncə baş tutan mətbuat konfransında iştirak edən ukraynalı çalışdırıcı fikirlərini bildirib: “Bizim əsas məqsədimiz mərhələ adlamaqdır. Yəqin ki, rəqib də bu niyyətlə Bakıya gəlib. İki il öncə bu rəqib üzərində qələbə qazanmışıq və nəticəni təkrarlamaq üçün şansımız var”.

– Çempionatdakı əsas rəqibiniz “Qarabağ”ın Çempionlar Liqasındakı qələbəsi sizdə yaxşı mənada qıcıq yaratmadı?

– “Qarabağ”a uğurlar arzu edirəm. Ümid edirəm ki, onlar Çempionlar Liqasında qrupa düşəcəklər. Dünənki oyuna baxa bilməmişəm. Çünki diqqətimizi öz oyunumuza yönəltmişik. Ümumi götürdükdə bu qələbələr ölkə reytinqinə xalların əlavə olunması baxımından yaxşı haldı. Amma bu, bizim komanda üçün əlavə motivasiya yaratmır.

– Cavid Hüseynov meydanda çox çılğın görünür. Onunla bu barədə söhbət etmisinizmi?

– Cavid özünü çox əməllərdə çılğın aparır. Onunla bu barədə söhbət etmişik. Mənim fikrimcə, indiki Cavid çox sakitdir.

– “Qəbələ” Yunanıstanda çox zəif oynadı. Bunun səbəbi nə ilə bağlıdır? Ümumiyyətlə, komanda yeni mövsümə hazırdımı?

– Biz Yunanıstanda öz oyunumuzu oynamağı bacarmadıq. Rəqib səfər oyununda bizə çox çətinlik yaratdı. Əminəm ki, sabah öz oyunumuzu oynamağı bacaracağıq.

– Rəqibin olduqca texnikalı və sürətli futbolçular var. Onları zərərsizləşdirmək üçün hansı tədbirlər görmüsünüz?

– Çox düzgün qeyd etdiniz. İlk oyundan öncə də rəqibin futbolçularını araşdırmışdıq. Amma mən öz oyunumuzdan danışmaq istəyirəm. Öz üslubumuzda oynasaq, rəqibə rahatlıq verməyəcəyik. Belə olsa, rəqib də güclü cəhətlərini ortaya qoya bilməyəcək.

– “Qəbələ” adətən cavab matçlarında yaxşı təsir bağışlayır və özünüz də Yunanıstanda oyununuzun alınmadığını dediniz. Maraqlıdı, öz üslubunuza qayıtmaq üçün heyətdə dəyişiklik edəcəksinizmi?

– Heyətlə bağlı hələ də məlumatım yoxdur. Bu günkü məşqdə də futbolçuların son durumuna baxacağıq. Futbolçularla bağlı son qərarı bu gün baş tutacaq məşqdən sonra verəcəyəm. Ümumiyyətlə, oyunlardan öncə heyət açıqlamaq mənim iş prinsipimə uyğun deyil.

– Necə düşünürsünüz, oyunun taleyi 90 dəqiqəyə həll olacaq?

– Bu barədə heç nə deyə bilmərəm. Biz mərhələ keçmək üçün 120 yox, hətta 1200 dəqiqə oynamağa hazırıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43