Kateqoriyasız

“Rövnəq Abdullayev demişdi ki, kimdənsə şübhələnsək…” – Ramin Musayev

Bu gün birinci divizionun 2018-2019 mövsümünün püşkatma mərasimi keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev püşkatma mərasimində jurnalistlərin suallarını cavablandırıb.

O, yeni mövsümdən etibarən Premyer Liqa klublarnın əvəzedici komandalarının aşağı dəstədə mübarizə aparacağına münasibət bildirib:

“Limitə dəyişiklik etdik, 1998-ci il təvəllüdlü futbolçulara üstünlük veriləcək. Reqlamentlə bağlı, limitlə bağlı çox danışılır. Əgər 25 yaşlı futbolçu özünə buna qədər yer tapa bilməyibsə, bundan sonra da tapa bilməyəcək. Düzdür, ola bilər ki, ilk mövsümdə çempionatın səviyyəsi ürəyimizcə olmasın. Amma ikinci ildə hər şey yoluna qoyulacaq. Yarış 2 dövrədən ibarət olacaq və 5 əvəzetməyə icazə veriləcək. Bunlar sırf yerli oyunçuların iştirakı naminədir. Bəzi gənc futbolçuların əsas komandaya cəlb olunmasını klublardan tələb edəcəyik. Çünki futbolçu dərk etməlidir ki, ona diqqət var”.

Daha sonra danışılmış oyunlarla bağlı məsələyə də toxunan PFL prezidenti araşdırmaların davam etdiyini bildirib: “AFFA prezidenti Rövnəq Abdullayev demişdi ki, kimdənsə şübhələnsək belə, sübuta ehtiyac yoxdur. Od olmayan yerdən tüstü çıxmaz. Danışılmış oyunlar Azərbaycan üçün ləkədir, bizim üçün təhqirdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43