İdman

Ruslan Abışov: “Həmin anda çox pis ağrı hiss etdim”

“Neftçi”nin kapitanı Ruslan Abışov Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə “Qəbələ”yə qalib gəldikləri oyundan (2:1)  sonra jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com-un xəbərinə görə, o, əvvəlcə görüş haqda danışıb: 
– Çətin səfər oldu. “Qəbələ” çempionluğa oynayan komandadır. Çoxdan idi ki, burda qələbə qazanmırdıq. Bu tilsimi qırmaq istəyirdik. Sevinirik ki, bu gün meydanda sonadək komanda şəklində mübarizə apardıq və lazımi nəticəni qazandıq.
– Hesabda geri düşəndə hansı hissləri keçirdiniz? Qələbəyə inam var idi?

– İlk hissədə “Qəbələ”nin elə də çox qol epizodu yox idi. Sadəcə, cinahdan bir ötürmə ilə bəxtsiz qol buraxdıq. Ancaq qələbə qazanmağı bacardıq. Bu matçdakı səhvlərimizdən nəticə çıxarıb, qarşıdakı oyunlarda bunu təkrarlamamağa çalışacağıq.
– Oyunun qəhrəmanı kimi hesab edirsiniz?

– 18 nəfərlik heyəti və bütün məşqçilər korpusunu. Çünki meydanda olan da, olmayan da qələbəyə köklənmişdi. Bundan sonrakı matçlarda da belə olmalıdır. Oynayan-oynamayan, hər kəs bir-birinə dəstək nümayiş etdirməlidir.
– Buraxılan qol epizodunda sanki zədələndiniz…

– Həmin anda çox pis ağrı hiss etdim. Hələ də ağrı var. Sabahdan müalicə olunacam. Yəqin ki, qarşıdakı matça qədər bu ağrı qalmayacaq.
– Kubokun yarımfinal mərhələsində “Qəbələ” ilə görüşlərin daha çətin keçəcəyini demək olar?

– Şanslar bərabərdi. Bugünkü oyun göstərdi ki, kim daha çox istəyirsə, kollektiv mübarizə aparırsa, qələbəni o qazanır. Kubokda çətin oyunlar var. Ondan əvvəl isə çempionat matçları olacaq. Bu görüşlərdən sonra kubok barədə fikirləşəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43