Kateqoriyasız

“Səfərdə  qarşılarında güclü bir “Qarabağ” görəcəklər” – Tahir Gözəl

Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhəlləsinin 3-cü turunda evdə APOEL-lə 2:2 hesablı heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb.

– Bu oyuna görə bir qədər də üzülürəm. “Qarabağ”ın oyunu  doğrudan da möhtəşəm idi. Niyə üzülürəm, çünki biz bu qarşılaşmadan qalibiyyətlə ayrılmalı idik. Oyun keyfiyyətimizlə, iradəmizlə biz buna layiq idik. Bir epizodda səhvimiz də var idi. Amma çox yaxşı mübarizə apardıq. “Qarabağ” bu gün Azərbaycanı qürurlandırdı. Hələ ikinci yerdəyik. Bu o deməkdir ki, bizim mübarizəmiz davam edəcək. Bu mübarizəni davam etsək, inanıram ki, tarixi nəticə əldə edəcəyik. “Qarabağ”dan məmnunam. Amma dediyim kimi, etiraf etmək lazımdır ki, bu matçdan qalib ayrılmalı idik.

– “Qarabağ” bir dəfə APOEL-ə səfərdə qalib gəlib. İkinci dəfə mümkündür?

– Əlbəttə. Bu gün gördünüz ki, “Qarabağ” dominant idi. Oyuna nəzarət bizdə idi. APOEL çox ciddi rəqibdir. Amma belə keyfiyyətli oyunla səfərdə  qarşılarında güclü bir “Qarabağ” görəcəklər. Burada bir neçə faktor onlara kömək etdi. İnşallah, bu, səfərdə təkrar olunmaz.

– Oyundan razı qaldığınız qədər nəticədən də razı qaldınızmı?

– Nəticədən razı deyiləm. Biz bu axşam qələbəyə layiq idik. Heç-heçə də yaxşıdır, şükür. Hesab edirəm ki, üstünlük hələ bizdədir. Bu dinamikanı, özümüzə olan inamı davam etdirsək, inanıram ki, mərhələni keçəcəyik. “Qarabağ” qrupda ikinci favorit komandadır. Bu, sözsüzdür. Klubumuz bunu qaçırmamalıdır. Əlimizdən gələni etməliyik. Amma futbol həyatdır, görürsünüz, nəticə belədir.

– “Qarabağ” bu gün iki xal itirdi?

– Hə. Amma həm də ikinciliyini davam etdirdi. Beş dəqiqə sevindik, beş dəqiqə üzüldük. Bu gün ağır keçdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43