Kateqoriyasız

“Sabah”ın sualı…

İddialarla uzlaşmayan startdan sonra Elşad Əhmədovu baş məşqçi postundan uzaqlaşdıran “Sabah”da qərarsızlıqdı. Əvvəlcə açıqlanmışdı ki, əvəzedici komandanın baş məşqçisi Rövşən Babayev müvəqqəti baş məşqçi təyin olunur. Bu gün isə klubun Müşahidə Şurasının növbədənkənar iclası keçirilib və qərara alınıb ki, MŞ üzvü İqor Ponomaryov müvəqqəti çalışdırıcı olsun. O, növbəti tur matçından sonra komandanın başına keçəcək.

Bu müvəqqətiliyi anlamaq çətin deyil, klub tələsmək istəmir. Böyük ehtimalla, yeni baş məşqçi əcnəbi olacaq və diqqətli seçim etmək lazımdı. Daha bir səhv mövsümün itirilməsinə səbəb olacaq. Ancaq bunaqədərki proses kifayət qədər anormaldı.

Elşad Əhmədovu hələ III turdan əvvəl istefaya göndərmək lazım idi. Düzdü, bəlkə bu da gecikmiş olardı, çünki əvvəldən bəlli idi ki, onunla komandanın gələcəyi yoxdu. “Sabah” yeni mövsümə fərqli məşqçiylə başlasa, bəlkə də, indi komandanın uğurlu nəticələrindən danışılırdı. İstənilən halda, III turdan sonra – millilərlə bağlı fasilə zamanı baş məşqçi dəyişikliyinə gedilsəydi, indiyə qədər yeni çalışdırıcı komandanı tanımış, sistemini oturtmağa başlamışdı…

Digər tərəfdən, əgər Ponomaryov müvəqqəti baş məşqçi olacaqdısa, Rövşən Babayevin bir oyunluq təyinatı hansı məqsədə xidmət edir? Müşahidə Şurasının iclasını gözləyib, yekun qərarı açıqlamaq daha doğru olmazdımı?

Bəs, İqor Ponomaryov təyinatı nə dərəcədə məntiqlidi? Klubun bununla bağlı yaydığı kiçik mətndə düz 5 dəfə onun təcrübəli mütəxəssis olduğu qabardılıb. Əslində isə 10 ildən artıqdı Ponomaryovun baş məşqçilik fəaliyyəti yoxdu. O, sonuncu dəfə 2009-cu ildə “Xəzər Lənkəran”a rəhbərlik edib və ondan sonra heç yerdə baş məşqçi işləməyib. Ponomaryov bu müddətdə praktikanı, təcrübəni necə, hardan qazandı?

Daha bir anormal məqam Elşad Əhmədovun klub prezidentinin müşaviri təyin olunmasıdı. Yeni gələcək baş məşqçinin psixologiyasını, hansı təzyiq altında olacağını təsəvvür etməyə çalışın: Səndən əvvəlki klubda vəzifə tutur, Müşahidə Şurasında yerinə hazır biri var, əvəzedici komandada biri. Xüsusilə, Əhmədov və Ponomaryov yeni baş məşqçinin başının üzərində “Domokl qılıncı” olacaqlar daim.

Ümumiyyәtlә, “Sabah”ın idarəçilik istiblişmentində tektonik çatlar varmı – deyә, bir sual artıq real әmәlә gәlmәkdәdi…

Futbolpress.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43