Kateqoriyasız

Sadıq Sadıqov: “İnanmıram ki, Avroliqaya buraxılmama söhbəti olsun”

“Neftçi” futbol klubunun Müşahidə Şurasının üzvü və klubun sabiq prezidenti Sadıq Sadıqovun Sportnet.az-a müsahibə verib.
 
– “Neftçi”nin Müşahidə Şurasının son iclasında iştirak etməməyinizə səbəb nə oldu?
– İclas elə bir vaxta təyin edilmişdi ki, öz işlərimlə uyğun gəlmirdi. Hazırda məzuniyyətdəyəm, səhhətimlə məşğulam. İclasdan bir gün öncə xəbər verdilər. Mən də dedim ki, hansı qərarı qəbul etsəniz, dəstəkləyəcəyəm. Həqiqətən də qəbul etdikləri 5 qərarın hamısını bəyəndim. 
 
– Amma belə xəbərlər də dolaşır ki, iclasdan öncə Müşahidə Şurasının sədri Çingiz Abdullayevlə mübahisəniz düşüb. Nəticədə toplantıya qatılmamısınız…
– Bu, həqiqətə uyğun deyil. İclas başlamamışdan getdim, Çingiz müəllimlə, klubun icraçı direktoru Elnur Məmmədovla görüşdüm, xeyli söhbətləşdik. Sonra da bayaq dediyim səbəblər üzündən iclasa dayana bilmədim və sağollaşaraq ayrıldım. 
 
– Amma iclasdan sonra Çingiz Abdullayev “Neftçi”nin sizdən yeni rəhbərliyə 3 milyon manat borcla keçdiyini bildirib. Doğrudanmı, klubun bu qədər borcu yaranmışdı?
– Yəqin ki, onu düzgün başa düşməyiblər. Düzdür, futbolçulara bir neçə ayın əmək haqqı ödənilməmişdi. Amma o ödəniş də artıq həyata keçirilib. Yalnız Emil Mpenza ilə bağlı problem qalıb. Müşahidə Şurası isə öz növbəsində qərar verib ki, Mpenzanın şikayəti əsasında kluba kəsilmiş cərimə ilə bağlı İdman Arbitraj Məhkəməsinə müraciət olunsun. Yaxın vaxtlarda vəkillərin köməyilə bu problemin “Neftçi”nin xeyrinə həllini tapacağına inanıram. 
 
– Bəs klubun forma sponsorunun dəyişəcəyi ilə bağlı açıqlama nə dərəcədə realdır?
– Açığı, bu barədə məlumatım yoxdur. Onu bilirəm ki, “Neftçi” daim SOCAR-ın himayəsi və dəstəyi altında olub. Gələcəkdə də bu dəstək davam edəcək. Amma klubda tam fərqli sponsorun olacağına inanmıram. 
 
– Çingiz Abdullayev həm də Azərbaycan klublarının avrokuboklardan diskvalifikasiyasinın qarşısını aldığını bildirib…
– Çingiz müəllim dünya şöhrətli yazarımızdır. İndi də futbolumuzun inkişafına öz dəstəyini əsirgəmir. Ola bilsin, jurnalistin ölümü ilə bağlı təzyiqlərin qarşısının alınmasında əməyi olub. Onun əməyini danmaq olmaz. Bununla yanaşı, biz elə bir dövlətdə yaşayırıq ki, bütün dünyada idman ölkəsi kimi tanınırıq. Aparılan siyasətin nəticəsində hərə öz üzərinə düşən işi layiqincə yerinə yetirməyə çalışır. Ona görə də inanmıram ki, “Qarabağ” və “Qəbələ”nin Avroliqaya buraxılmama söhbəti olsun.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43