Ölkə futbolu

Şahin Diniyev: “Bizim üçün ən çətin oyunlardan biri olacaq”

Azərbaycan Premyer Liqasının XXII turunda “Zirə” ilə qarşılaşacaq “Kəpəz” oyunun hazırlıqlarını başa vurub.

İdmanxeber.com-un məlumatına görə, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev qarşıdakı matç ilə bağlı klubun rəsmi saytına açıqlama verib. O, doğma meydanda qələbə qazanmaq istədiklərini deyib:

“Həmişə olduğu kimi bizi yenə çempionatda gərgin oyun gözləyir. “Zirə” turnir cədvəlində 4-cü pillədə qərar tutub. Rəqibimiz güclü futbolçulardan qurulmuş, formalaşmış komandadır. Hər bir xətdə yaxşı oyunçuları var. Biz evdə məğlubiyyətsiz oyunlarımızı davam etdirmək, uğurlu nəticə qazanmaq üçün meydana çıxacağıq. Mənə elə gəlir ki, Avroliqa yolunda şanslarımız itməyib, ona görə də bizim üçün ən çətin oyunlardan biri olacaq. Gec də olsa, sabah azarkeşlərimizi nəhayət ki, qələbə ilə sevindirməyə çalışacağıq”.  

Qeyd edək ki, sabah baş tutacaq “Kəpəz” – “Zirə” oyunu saat 15:00da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43