Müsahibə

“Səbail” oyunu ilə “Kəpəz”, “Sumqayıt” və AZAL-dan heç də geri qalmır”

I Divizionun 24-cü turunda “Səbail” səfərdə “Zaqatala”nın qonağı olub – 1:1.

Matçdan sonra “Səbail”in futbolçusu Orxan Səfiyarlı idmanxeber.com-un əməkdaşının suallarını cavablandırıb:

– Oyuna ilk dəqiqələrdən pis başlamışdıq. Hər iki komandaya xal qazanmaq vacib idi. Biz 2-ci yerdəki mövqeyimizi möhkəmləndirmək, onlar isə medalçılar sırasına düşmək üçün vuruşurdular. İkinci hissədə tam fərqli şəkildə çıxış etdik. Çünki paltardəyişmə otağında söz verdik ki, geridönüş edib, xal qazanacağıq. Düzdü, qələbə qazana bilmədik, amma heç-heçə də pis nəticə deyil. Növbəti oyunumuz “Şəmkir”lədi. Çalışacağıq ki, o matçda da qələbə qazanıb, yerimizi möhkəmləndirək.

– Yenidən Premyer Liqada çıxış etmək şansın var. Özünü buna hazır hiss edirsənmi?

– Əlbəttə. Hər bir futbolçu kimi mən də bunu istəyirəm. Premyer Liqa təcrübəm də kifayət qədərdi. Haçan şans verilərsə, oynamağa hazıram.

– Görüşün ən yaxşılarından idin. Hücumda aktiv olsan da, qol vurmaqda çətinlik çəkirsən. Bunun səbəbi nədir?

– Sözün açığı, oyuna tələsik çıxdım. Çünki R.Tağızadə zədələndi, mən də onun yerinə daxil oldum. Heç isinmə hərəkətlərini də yerinə yetirə bilmədim. Buna görə də ayaqlarım sözümə baxmırdı (gülür). Fikrimcə, yaxşı oynadım. Qarşıdakı oyunlarda daha da çalışıb qollar vurmalıyam.

– Səncə, “Səbail” Premyer Liqada yaxşı çıxış edə bilərmi?

– Hər şey göz qabağındadı. PL-də 8 komanda var. “Səbail” oyunu ilə “Kəpəz”, “Sumqayıt” və AZAL-dan heç də geri qalmır. “Səbail”də elə futbolçular var ki, vaxtilə PL-də öz sözünü deyiblər. Biz də çalışacağıq ki, PL-ə yüksəlib özümüzü orada da doğruldaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43