Müsahibə

Səlahət Ağayev: “Bu, futbolumuza yaraşmır”

Dünən Azərbaycan Premyer Liqasının 20-ci turu çərivəsində “Qarabağ” doğma meydanda “İnter”ə 1:0 hesabı ilə məğlub olub.

Matçdan sonra oyun haqqında fikirlərini bildirən “İnter”in qolkiperi Səlahət Ağayev idmanxeber.com saytının əməkdaşının da suallarını cavablandırıb:

– “Qarabağ”la oyunlar hər zaman çətin keçir, çox yaxşı komandadır. Amma biz yaxşı oynayıb, qalib gəldik. Komanda yoldaşlarıma təşəkkür edirəm, çox yaxşı oynadılar.

– Komandada ab-hava necədir?

– Hal-hazırda vəziyyət o qədər də ürəkaçan deyil. İnşallah, yaxşı olar.

– Son matçlarda komanda stabil oyun nümayiş elətdirir. Avrokuboklara getmək şansınız yüksəkdir. Amma maliyyə durumu barədə çətinlikləriniz var. Bu, sizə mövsüm sonunda avrokuboklarda çətinlik yaratmayacaq ki?

– Vallah, onu mən dəqiq deyə bilmərəm. Hələ ki, gözləyirik. Çempionat başa çatdıqdan sonra hər şeyə aydınlıq gələcək yəqin ki.

– Oyunun gedişatında “Qarabağ”ın azarkeşləri ilə aranda dialoq oldu…

– Azarkeşlərdir də… Komandaları uduzur, onlar da dəstəkləyirlər. Amma nalayiq ifadələr də işlədirlər. Bu da futbolumuza yaraşmayan bir haldır.

– Artıq Riçard Almeyda da millimizin şərəfini qoruyacaq. Bu barədə fikirlərini bildirərdin…

– Qarşıdan millinin toplanışı və Almaniya ilə oyun gəlir. Hamıya bəllidir ki, Almeyda necə oyunçudur. Onun milliyə çox xeyir verəcəyini düşünürəm.

– Bəs, Nizami Hacıyevin dəvət olunmaması sənə təsir edibmi?

– O barədə heç nə deyə bilmərəm. Nizami yaxşı futbolçudur. O, komandaya hər zaman xeyir verən futbolçudur. Elə vaxtlar olur ki, o, komandanı öz arxasıyca aparır. Dəyərli futbolçudur. Amma baş məşqçinin yerinə danışa bilmərəm. Hərənin bir cür fikri var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43