Müsahibə

Skarlatake: “Ən pis ehtimalda avrokuboklara vəsiqə qazanmalıyıq” – MÜSAHİBƏ

 “Xəzər Lənkəran”ın müdafiəçisi Adrian Skarlatakenin müsahibəsi:
 
– Yay fasiləsində Türkiyədə təlim-məşq toplanışı keçdiniz. Hazırda da Lənkəranda məşqlərinizi davam etdirirsiniz. Bu dönəmi necə dəyərləndirirsən?
– Türkiyədəki təlim-məşq toplanışı ağır keçsə də, mövsümə fiziki baxımdan tam hazır olmaq baxımından yaxşıdır. Hazırlıq dönəmində əsas o idi ki,  komandada inam var ki, bu mövsüm yaxşı nəticələr əldə edəcəyik və uğurlu mövsüm keçirəcəyik.
 
– CAS-ın qərarından sonra yeni transferləriniz ilk 3 turda komandaya kömək edə bilməyəcək…
– Bəli, bizim üçün heç yaxşı olmadı, ancaq hazırda vəziyyətə görə başqa edə biləcəyimiz bir şey yoxdur. Bu 3 turda maksimum bacardığımız qədər çox xal toplamalıyıq. Bu qərar bizim üçün yaxşı başlanğıc olmadı.
 
– İlk 3 turda nisbətən zəif rəqiblərlə, “İnter”, “Rəvan” və “Sumqayıt”la qarşılaşacaqsınız. Bu sizin üçün üstünlük sayıla bilər?
– Bu fikirlə razı deyiləm. “İnter” Avroliqada yaxşı oynadı, ötən mövsümdə “Sumqayıt” bizi məğlub etmişdi. “Rəvan”a gəldikdə isə, Premyer Liqaya yenidən vəsiqə qazanıb. Onlar qələbə qazanmaq üçün əllərindən gələni edəcək. Biz ən yaxşı heyətimizlə oynamasaq da, məğlub olmaq istəmirik.
 
– Son iki mövsümdə “Xəzər Lənkəran” yaxşı nəticələr əldə etmir. Bu mövsüm yeni transferlərlə iddialı olacağınız gözlənilir…
– Bu iki mövsümdən sonra bizim ya Premyer Liqanı, ya da kuboku qazanmağa ehtiyacımız var. Bu mövsüm ən pis ehtimal avrokuboklara vəsiqə qazanmalıyıq.  Bu bizim üçün öhdəlikdir. Ona görə, bu mövsüm bizim üçün uğurlu olacaq.
 
– Digər klublarda yaranan maliyyə probleminin olması məqsədinizə çatmağınızı daha da asanlaşdırır…
– Bu, bizim üçün üstünlük sayıla bilər. Unutmayaq ki, bizdə də maliyyə problemi olub vaxtı ilə. Ümid edirəm, bizim üçün bu mövsüm maliyyə problemi olmayacaq və komanda olaraq oyunlar özümüzü motivasiya edəcik.
 
– Ötən mövsümdə azarkeşləriniz də uğursuz nəticələrdən sonra stadiona gəlmirdilər…

– Biz onları elə ilk oyundan stadionda gözləyirik. Onlara əminiklə deyə bilərəm ki, biz bu mövsüm daha güclü oyun göstərəcəyik və mövsümün sonunda onları titulla sevindirməyə çalışacağıq. Onların dəstəyinə ehtiyacımız var.

sportal.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43